Dekabrın 3-də BMT Baş Assambleyasının COVİD-19  pandemiyası ilə bağlı xüsusi sessiyası başlanıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın sədrliyi ilə keçirilən xüsusi sessiyada dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 pandemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər. İki günlük xüsusi sessiyada ümumi müzakirələr və BMT agentlikləri və aparıcı elm adamları ilə interaktiv dialoqlar olacaq. Sessiyanın ikinci günü Dünya Səhiyyə Təşkilatı Baş direktorunun təqdimatı da olacaq.

“COVİD-19 qlobal səhiyyə böhranıdır. O həm də iqtisadi böhran, inkişaf böhranı, humanitar böhran və insan haqları böhranıdır. Xüsusi sessiya COVİD-19-u məğlub etməkdən ötrü bir araya gəlməyimiz üçün tarixi imkan yaradır. Təsdiq mərhələsində olan peyvəndlərlə bağlı xəbərlər və qlobal bərpa səylərinə trilyonlarla dollar axını ilə beynəlxalq ictimaiyyət bunu doğru şəkildə reallaşdırmaq üçün görünməmiş bir fürsət əldə edib. Dünya BMT-nin liderliyini gözləyir; bu çoxtərəflilik üçün bir sınaqdır. İnanıram ki, Baş Assambleya irəliyə doğru yol açacaq və xidmət etdiyimiz çalışdığımız insanların əzablarına, çətinliklərinə son qoyacaq”, - deyə BMT Baş Assambleyasının prezidenti Volkan Bozkır bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasında COVİD-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilməsi təşəbbüsünü Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev irəli sürüb.