Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı razılıq əldə olunub. Müdafiə nazirlərinin müavinləri birgə fəaliyyətin texniki tərəflərinin müzakirəsini başa çatdırıblar.

Müşahidə Mərkəzinin təşkili ilə bağlı rəsmi olaraq heç bir maneə qalmayıb. İndi mərkəzin inşası aparılır. Çox qısa vaxtda əməkdaşlarımız Birgə Müşahidə Mərkəzində xidmətə başlayacaqlar.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə noyabrın 11-də videoformatda imzaladığı anlaşma memorandumu əsasında başlanan danışıqlar barədə danışarkən deyib.

Azərbaycanın döyüş meydanında və danışıqlar prosesində böyük uğur qazandığını diqqətə çatdıran nazir bildirib: “Birgə Müşahidə Mərkəzində türk və rus zabitlər bərabər xidmət edəcək, atəşkəsə riayət olunmasını birgə müşahidə edəcək və atəşkəsin davamlı olmasına səy göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla təhsil və hərbi təlim sahələrində əməkdaşlığımız davam edir. İnşallah, bu məsələlərdə qardaşlarımız üçün əlimizdən gələni edəcəyik”.