Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq. Dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında bu mövzuya həsr olunmuş dəyirmi masa keçirilib. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə iştirak edib.
Dəyirmi masada çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə həmkarlarını təbrik edib, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyərək, yaralı əsgər və zabitlərimizə şəfalar diləyib.
F.Əlizadə qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə bəstəkarlarımız tərəfindən Azərbaycan xalqının milli azadlıq mübarizəsini, tariximizin faciəvi səhifələrini əks etdirən müxtəlif janrlı musiqi əsərləri yaradılıb. Onların sırasında Vasif Adıgözəlovun “Natəvan” operası, “Qarabağ şikəstəsi” oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş “Rekviyem”, Azər Rzayevin “Bakı – 90” simfoniyası, Tofiq Bakıxanovun “Qarabağ harayı” 7 saylı simfoniyasını xüsusi qeyd etmək lazımdır. Vurğulanıb ki, həmişə olduğu kimi, bu gün də Azərbaycan bəstəkarları öz qələmini yerə qoymayıb, xalqımızın bu böyük bayramını əks etdirən yeni əsərlər üzərində çalışacaqlar.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öz çıxışında qeyd edib ki, şanlı Ordumuzun bu zəfəri eyni zamanda bütün türk dünyası üçün, bütün müsəlman aləmi üçün böyük mahiyyət kəsb edir. İncəsənətin rəsm, musiqi, heykəltəraşlıq və s. sahələrində fəaliyyət göstərən yaradıcı insanlar öz əsərlərində daima xalqın qəhrəmanlarını vəsf edən sənət nümunələri yaradıblar. Məsələn, Firəngiz Əlizadənin “İntizar” operasında öz təzahürünü tapan böyük xilaskar obrazı bugünkü qələbənin carçısıdır.
Vaqif Əliyev qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbənin qəhrəmanları haqqında da müxtəlif janrlı əsərlər yaranacaq. Bildirib ki, biz bəstəkarlarımızdan Azərbaycan musiqisini dünya miqyasında təmsil edə biləcək yeni möhtəşəm, irihəcmli musiqi əsərləri gözləyirik.
Müzakirələrdə iştirak edən bəstəkarlar – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Xalq artistləri Azər Dadaşov, Sərdar Fərəcov, Vasif Allahverdiyev, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov., bəstəkarlar İlham Azmanlı və Fərid Fətullayev də öz düşüncələrini bölüşüb, yeni yaradıcılıq ideyaları haqqında fikir mübadiləsi aparıblar.