Bu mövzuda regional seminar keçirildi
İyulun 13-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, İSESKO-nun və Milli Elmlər Akademiyasının birgə təkilatçılığı ilə “Asiyada İslam tibbi əlyazmalarının vəziyyəti” mövzusunda regional seminar başlayıb.
“Bakı İslam mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində keçirilən seminarda Misir, Tunis, Səudiyyə Ərəbistanı, Liviya, Bəhreyn, İran və digər ölkələrin nümayəndələri iştirak edirlər.
İSESKO-nun və Azərbaycanın himnlərinin səslənməsi ilə açılan seminarda çıxış edən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov tədbirin əhəmiyyətindən danışıb, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva İslam dünyasında tibbin inkişafından, qədimliyindən söhbət açıb, Azərbaycanda da tibbə dair əlyazmaların olduğunu, onların zəmanəmizə qədər gəlib çatdığını bildirib.
İSESKO-nun Tehran filialı idarəsinin mədəniyyət üzrə proqram icraçısı Hassan Fartousi İslam mədəniyyətinin bütün dünyada təbliğinin vacibliyini vurğulayıb. Bu gün bz işini yekunlaşdıracaq seminarda orta əsr əlyazmalarının mühafizəsi, elektron mətnlərinin yaradılması, gələcək nəslə çatdırılması və s. məsələlər müzakirə olunub.
Seminar çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” mövzusunda sərgi təşkil edilib.
Fəxriyyə ABDULLAYEVA