Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası başlanıb. Xüsusi sessiyanın keçirilməsi təşəbbüsünü bu il mayın 4-də Azərbaycan Prezidenti, 120 ölkənin birləşdiyi Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev irəli sürüb.

Prezident İlham Əliyev sessiyada videoformatda çıxış edib. Dövlət başçısı xüsusi sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə Qoşulmama Hərəkatı adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın prezidentinə təşəkkür edib.

Vurğulayıb ki, 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər vuraraq insanların yaşayışına sarsıdıcı təsir göstərib. Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq, ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırıb.

Bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev deyib: “COVİD-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcək”.