Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ilin dekabrın 2-də Bakıda keçirilmiş Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsləri irəli sürülüb.

2009-cu ildə “Bakı – İslam mədəniyyəti paytaxtı” ili çərçivəsində müsəlman və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi “Bakı Prosesi”nin inkişaf etdirilməsinə töhfə olub. 2011-ci ildən etibarən isə Bakı şəhərində hər iki ildən bir Azərbaycan Respublikası Prezidentinin himayəsi altında, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilir. Həmçinin  Azərbaycan və Rusiya dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar Forumları təşkil olunur. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycan paytaxtı BMT Sivilizasiyalar Alyansının  7-ci Qlobal Forumuna ev sahibliyi edib.

Bu vaxta kimi beş dəfə təşkil olunmuş Dünya Mədəniyyətlərarası Dialoq Forumu, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının  7-ci Qlobal Forumu və altı dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumu 180-dən çox ölkədən və 40-dan çox beynəlxalq təşkilatdan ümumilikdə 20 mindən çox xarici nümayəndə – dövlət və hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, diplomatlar, mədəniyyət, təhsil və elm xadimləri, qlobal biznes və media strukturlarının təmsilçiləri, gənclər və s. kateqoriyada insanları bir araya gətirib. “Bakı Prosesi” çərçivəsində forumlarda ümumilikdə 250-dən çox tədbir və layihə həyata keçirilib.

Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına  təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətləarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan edib. 2017-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Televiziyası tərəfindən canlı yayımlanır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunda təmsil olunan təşkilatların və beyin mərkəzlərinin nümayəndələrinə ötən illər ərzində bu təşəbbüsün qlobal platformaya çevrilməsində göstərdikləri səylərə görə təşəkkürünü bildirir, eyni zamanda ölkə başçısının “Bakı Prosesi” qlobal ideyasının gerçəkləşməsinə və əlaqələndirməsinə məsul qurum olması ilə qürur duyur.

Əlamətdar ildönümü münasibətilə nazirliyin rəsmi saytı və sosial şəbəkə səhifələrində  “Bakı Prosesi” haqqında hazırlanmış qısa videoçarx təqdim edilib.