Dekabrın 1-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qurumun İcraiyyə Şurasının 210-cu sessiyasının plenar iclası işə başlayıb.

Onlayn keçirilən plenar iclasda sessiyanın gündəliyi təsdiqləndikdən sonra Büronun hesabatı dinlənilib, 209-cu sessiyanın 6-cı fövqəladə sessiyasının protokolu təsdiqlənib. UNESCO Baş direktorunun İcraiyyə Şurasının daxili nizamnaməsinin 59-cu maddəsinin tətbiqinə dair hesabatı dinlənilib.

Sessiyanın gündəliyinə qurumun Baş Konfransında qəbul edilmiş proqramın icrasına, eləcə də 2020-2021-cu illərdə maliyyə idarəçiliyinə dair hesabatların dinlənilməsi, İcraiyyə Şurasının və Baş Konfransın əvvəlki sessiyalarında qəbul edilmiş qərar və qətnamələrin icra vəziyyəti ilə bağlı məsələlər daxildir.

Təhsilin gələcəyinə dair təşəbbüs, inkişafa dair BMT sisteminə yenidən baxılması, nəşrlər və yayımlar planının nəzərdən keçirilməsi, UNESCO nəzdində assosiasiya və klubların nizamnamə çərçivəsi kimi məsələlər də gündəlikdə yer alıb.

Qeyd edək ki, 210-cu sessiya dekabrın 10-dək davam edəcək.

İcraiyyə Şurası UNESCO-nun icra orqanıdır. Şura UNESCO-nun ali orqanı olan Baş Konfransın işini təşkil edir və onun qərarlarının düzgün icra olunmasına nəzarət edir. Şuranın 58 üzvü var və onlar Baş Konfrans tərəfindən təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir.