Ölkəmizdəki bütün mədəni və dini irs nümunələri kimi bu abidələr də dövlət tərəfindən qorunacaq

Anar Kərimov bildirib ki, Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılır. Qarabağdakı xristian irsi də dövlət tərəfindən qorunacaq.

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bu fikirləri  “France 24” televiziya kanalına müsahibəsində deyib.

Bakıda kilsə və sinaqoqların fəaliyyət göstərdiyini vurğulayan Anar Kərimov  şəhərin mərkəzində erməni kilsəsinin yerləşdiyini də diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindəki xristian dini abidələri əcdadlarımızdan qalan mirasdır. Ölkəmizdəki bütün tarixi-mədəni və dini irs nümunələri kimi bu abidələr də mühafizə olunacaq.

Aparıcının müharibə zamanı Şuşadakı kilsənin zərər görməsi ilə bağlı sualına cavab verən Anar Kərimov bildirib ki, Qarabağın əsas şəhəri olan Şuşada kilsəyə istənilmədən zərər dəyib, ancaq Azərbaycanın guya kilsələri məhv etməsinə dair səslənən iddialar tamamilə yanlışdır. Bunlar ölkəmizə qarşı ermənilərin apardığı təbliğatın nəticələridir. Qeyd olunub ki, təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun nümayəndələrinin bölgəyə səfəri təmin olunacaq.

Diqqətə çatdırılıb ki, Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlarda bir çox müsəlman dini abidələri dağıdılıb. Ermənistan silahlı qüvvələrinin müharibə zamanı Gəncənin yaşayış mərkəzini ballistik raketlə zərbələr endirməsi nəticəsində şəhərdəki pravoslav kilsəsi də zərər görüb.

Anar Kərimov müsahibəsində Fransa Senatında ötən həftə qəbul edilən qətnaməyə toxunub. O, Fransanı tərəfkeşliyə son qoymağa və illərdir Qarabağ münaqişəsində vasitəçilik etməyə çalışan Minsk qrupunun həmsədri olaraq etibarlı vasitəçi kimi qalmağa çağırıb.