İqumen Aleksi: “Qafqaz Albaniyası dövründə yaranan abidələrin heç biri erməni abidəsi adlandırıla bilməz”
Qafqazda xristianlıq bu dinin yarandığı vaxtdan mövcud olub. Bununla yanaşı, burada xristian ənənələrinin inkişaf və tənəzzül dövrləri olub, lakin onlar heç vaxt yox olmayıb. Həm Qarabağ ərazisində, həm də Azərbaycanın bir çox başqa rayonlarında mövcud olan çoxsaylı məbədlər və monastırlar buna parlaq sübutdur.
İndiki azərbaycanlılar bu torpaqda mövcud həmin dövlətlərin, o cümlədən Qafqaz Albaniyası dövlətinin qanuni xələfləridir, həmçinin bu günümüzə gəlib çatan mədəni və dini abidələrin varisləridir.
İtaliyanın Merano şəhərindəki Müqəddəs Nikolay Pravoslav kilsəsinin baş keşişi, İqumen Aleksi (Nikonorov) bu sözləri Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində deyib.
O, Qarabağ ərazisindəki xristian dini abidələri haqqında danışarkən deyib: “Biz başa düşməliyik ki, eramızın 428-ci ilində erməni dövləti süqut etdi və İranın Sasanilər sülaləsinin hökmranlığı altına düşdü. Növbəti yüzilliklərdə müstəqil erməni dövlətinin epizodik bərpasının isə Qarabağ ərazisinə ümumiyyətlə aidiyyəti olmayıb. Ona görə də həmin dövrdə regionda yaranan abidələrin heç biri erməni abidəsi adlandırıla bilməz. Qarabağda qorunub saxlanılan ən mühüm və qədim komplekslər bunlardır: Amaras monastırı (IV əsr), Dadivank (Xudavəng) monastırı (IX-XIII əsrlər) və Qandzasar (Gəncəsar) monastırı (XIII əsr). Amaras (Xocavənd rayonunda) – birinci Alban arxiyepiskopu Qriqorisin basdırıldığı yerdir, alban çarı Vaçe tərəfindən V yüzillikdə tikilib, erkən Orta əsrlər dövründə alban katolikoslarının iqamətgahı olub. Dadivank (Kəlbəcər rayonunda) rəvayətə görə apostol Faddeyin şagirdi – Dadinin məzarı üzərində qurulub, hazırkı görünüşdə XII əsrin əvvəllərində Aranşahlar nəslindən olan Xaçen hökmdarları tərəfindən tikilib. Qandzasar (Kəlbəcər rayonunda) – alban knyazlarının ata-baba sərdabəsidir, Həsən Cəlal tərəfindən tikilib, XIV əsrdən alban katolikoslarının iqamətgahı olub. Sərdabədə əsasən XIII əsrə aid olan və müxtəlif dərəcədə qorunub saxlanmış 15-ə yaxın məbəd mövcuddur. Qafqaz Albaniyasının ərəblər tərəfindən işğalından sonra regionun xristian əhalisi ərəb qoşunlarının keçə bilmədiyi dağlıq yerlərdə (o cümlədən Qarabağda) toplanır. Faktiki olaraq bu dövrdə Qarabağda alban dini memarlığı yaradılır. Bununla belə, erməni tarixçisi Suren Yeremyan XIII əsrin tarixçisi Kirakos Qandzaketsinin “alban rəislərinin yalnız hansısa hissəsi erməni dilini bilirdi, eyni zamanda, Qarabağ əhalisi öz doğma dilində danışırdı” sözlərini sitat gətirir.
Ehtimal etmək olar ki, həmin vaxtdan da bərpa işlərində erməni yazılarından istifadə edilməyə başlanıb. Bəli, burada monofizitlər dua edə bilərdilər, onları, o cümlədən erməni əsilli ustalar da bərpa edə bilərdilər. Onların adını erməni tarixçiləri öz əsərlərində yada sala bilərdilər, lakin bütün bunlar Qafqaz Albaniyasının dini və mədəni abidələrini ermənilərinki edə bilməz!”
İqumen Aleksi müsahibəsində rusiyalı mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti mövzusuna da toxunub. Müraciətdə Qarabağda xristian irsinin guya eynilə Suriyanın Palmira şəhərinin taleyini gözləyəcəyi əndişəsi ifadə olunur. O deyib: “Hər bir xalqın mədəni irsi, hər şeydən əvvəl, dövrlərin varisliyini təmin edən, insanları öyrədən və tərbiyə edən, xalqın ən gözəl cəhətlərini üzə çıxaran qiymətli sərvətdir. Buna görə də tarixi abidələrin qorunmasına xüsusi diqqət ayırmaq mühümdür. Düşünmək olar ki, sivilizasiyalı dünyada bunu hamı anlayır. Azərbaycan isə özünün ən yeni tarixində mədəniyyət və tarixi abidələrinə qayğı ilə yanaşmanın etalon nümunəsini göstərir, həm də bu münasibət təkcə Azərbaycanın öz abidələrinə aid deyil.
Son 27 ildə müstəqil Azərbaycan dövləti mürəkkəb siyasi, iqtisadi, digər problemlərin həllinin vacibliyinə baxmadan tarixi abidələrin qorunmasına və beynəlxalq səviyyəli mütəxəssisləri cəlb etməklə bu abidələrin mükəmməl, dəqiq bərpasına xüsusi diqqət ayırıb. Buraya təkcə qədim böyük şəhərlər, qalalar, gözətçi qüllələri, xan sarayları, məscidlər deyil, həm də xristian məbədləri, sinaqoqlar aiddir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun beynəlxalq səviyyədə tanınmış xoşməramlı səfiridir. Heydər Əliyev Fondunun vəsaitləri hesabına Romada Müqəddəs Marsellina və Pyotr qədim xristian katakombaları bərpa edilib, Müqəddəs Sebastyan bazilikası kompleksinin qədim xristian sarkofaqlarının bərpası üzrə işlər davam edir. Bu işlərin parlaq nəticələrini mən gözlərimlə görmüşəm!
İtaliyalı jurnalistlər Azərbaycanın birinci xanımından “Müsəlman dövlətindən – Azərbaycandan olan Fond nə üçün xristian irsinin bərpa işlərini maliyyələşdirir?”, – deyə soruşanda xanım Əliyeva belə cavab verib: “Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşir və bu coğrafi mövqe ölkəmizi xarakterizə edən dərin müxtəlifliyə öz təsirini göstərib. Azərbaycan ərazisində yaşayan xalqlar həmişə bir-birinə dost və qardaş olublar, çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir”.
Əgər Qarabağın mədəni irsinə qayğı göstərmək barədə Azərbaycanın niyyətinə və bacarığına şübhə edən varsa, qoy onlar Azərbaycana gəlsinlər, bu ölkənin şəhər və kəndlərini ziyarət etsinlər. O zaman şübhələr öz-özünə çəkiləcək.