Gürcüstanın 2021-ci il üçün dövlət büdcəsində mədəniyyət ocaqları üçün nəzərdə tutulan vəsaitin həcmi xeyli artırılıb. Ölkədə fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşdirilən Azərbaycan mədəniyyət müəssisələrinə də gələn il daha çox vəsait ayrılacaq.

2021-ci il üçün dövlət büdcəsinin parlamentə təqdim olunan yekun sənədinə əsasən, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə 64 min lari həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Bu məbləğ cari ildə ayrılan vəsaitdən 17 min lari çoxdur.

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrına isə gələn il 188,4 min lari vəsait ayrılacaq. Bu illə müqayisədə teatrın dövlət büdcəsindən maliyyələşdirilməsi 43,4 min lari həcmində artıb.