Vüqar və Seymur. Onlar həm sinif yoldaşı, həm də yaxın dost olublar. Ən böyük arzuları Qarabağın qəlbi Şuşanın düşməndən azad olunması idi. Rahat uyuyun, şəhidlərim. Məhz sizin kimi qəhrəman oğullarımız sayəsində Qarabağımıza, Şuşamıza qovuşduq...

Seymur Qələndər oğlu Həsənli 1993-cü il noyabrın 8-də Bərdə rayonunun Nağılar kəndində anadan olub. Daha sonra ailəsi Yevlax rayonunun Malbinəsi kəndində məskunlaşır. Seymur 2011-ci ildə Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbini bitirib hərbi xidmətə yollanır. 2012-ci ildə xidməti başa vuraraq doğma kəndinə qayıdır. Sonra Bərdə rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə yazılır.

2019-cu il noyabrın 17-də sevdiyi qızla nişanlanır. Ailəsi toyu 2020-ci il noyabrın 8-də, Seymurun ad günündə etməyi planlaşdırır. Lakin taleyin naxışı pozulur, rəngləri dəyişir.

Sentyabrın 27-də başlanan Vətən müharibəsində Seymur Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin baş çavuşu kimi doğma yurdunun müdafiəsinə yollanır. Komandirlərinin dediyinə görə, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətindəki döyüşlərdə igidlik göstərir. Noyabrın 7-dən 8-nə keçən gecə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin onlarla əsgər və zabitini məhv edərək qəhrəmancasına həlak olur.

Şəhidin bacısı Arzu Həsənlinin sözlərinə görə, ən böyük arzusu qardaşının xoşbəxt ailə qurması olub: “Bu istəyim gerçəkləşmədi. Amma qardaşım və onun timsalında şəhid olan bütün Azərbaycan övladları o torpaqlarda qanları ilə çıraq yandırdılar. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar”.

 

***

 

Vüqar Məmməd oğlu Bahadurzadə 1993-cü il iyulun 22-də Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 2011-ci ildə Malbinəsi kənd tam orta məktəbini bitirib. Vətən müharibəsi başlayanda yaxın dostu Seymur kimi Vüqar da cəbhəyə gedib. Oktyabrın 15-də Tərtər rayonunun Suqovuşan kəndində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

2016-ci ildə ailə həyatı quran Vüqar Bahadurzadənin Oruc və Mələk adında iki övladı var.

Seymur və Vüqarın sinif rəhbəri Kəmalə Əliyevanın bildirdiyinə görə, hər iki gənc məktəbdə oxuyarkən intizamları ilə kollektivin hörmətini qazanmışdı: “Onların hər ikisi öz qanları ilə tarix yazdılar, Vətən uğrunda şəhidlik zirvəsini seçdilər. Onları dünyaya gətirən Nigar və Maral ananın əllərindən öpür, qarşılarında baş əyirəm. Hər iki ananın məğrur duruşu qürur hissi bəxş edir. Şəhid anası olmaq hər kəsə qismət olmur. Vətən sağ olsun!”.

Seymur Həsənli və Vüqar Bahadurzadə Yevlax rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıblar. Allah rəhmət eləsin.

Nurəddin MƏMMƏDLİ