Azərbaycan

 

5 dekabr 1906 – Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 – 7.3.1963) Naxçıvan MR-nın Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dövlət Dram Teatrında çalışıb, filmlərdə (“Səhər”, “Kölgələr sürünür”) çəkilib.

5 dekabr 1912 – Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 – 2.1.1986) Təbrizdə anadan olub. Əsərləri: “Səttarxan fədailəri Təbrizdə”, “Sərkərdə Babəkin portreti”, “Nəsiminin portreti”, “M.Ə.Sabirin portreti” və s. Teatr tamaşalarına tərtibat verib.

5 dekabr 1921 – Tanınmış aktyor, Xalq artisti Həsənağa Dərya oğlu Salayev (1921 – 2.10.1981) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5 dekabr 1924 - Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Fərəməz oğlu Mahmudbəyov (1924 – 20.5.1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.

5 dekabr 1924 – Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (1924 – 3.4. 2008) Bakıda anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb, filmlərdə çəkilib.

5 dekabr 1925 – Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 – 26.7.2008) Laçın rayonunda doğulub. Əsərləri: “Sevimli naxışlar”, “Çəltikbecərənlər”, “Dağlarda bahar” və s. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.

5 dekabr 1927 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (1927 – 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. “Azərbaycanfilm”in direktoru olub. “Həyatın özü”, “İlk məhəbbət” romanları, “Gülüstanda qətl” pyesi və s. əsərlərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

5 dekabr 1934 – Əməkdar artist, tanınmış pianoçu Rafiq Teyyub oğlu Quliyev (1934 – 19.8.2007) Bakıda doğulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub. 

5 dekabr 1941 – Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 – 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib. 1982-ci ildə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

5 dekabr 1947 – Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 – 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb, televiziya tamaşalarında çəkilib.

 

6 dekabr 2004 – Xalq artisti, tanınmış aktyor Muxtar Həsən oğlu Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

6 dekabr 2006 – Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

 

7 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb. Muzeyin yaradıcıları sənətşünaslar Hüseyn Mirzəcаmаlov və Məhəmməd Ağayev idi.

7 dekabr 1950 – Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı Həsənağa Bilal oğlu Sadıqov (1950 – 1.8.2018) Salyan şəhərində doğulub. “Mahirlər” ailə ansamblının yaradıcısı olub.

7 dekabr 2010 – Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s.) mahnılar bəstələnib.

 

8 dekabr 1909 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 – 10.1.1962) Bakıda doğulub. Akademik Opera və Balet, Türk İşçi teatrlarında çalışıb. 1939-cu ildən Akademik Dram Teatrının aktyoru olub, kinoda (“Lətif”, 1930) çəkilib.

8 dekabr 1909 – Xalq artisti Nina Dmitriyevna Sarnatskaya (1909-1986) Bakıda doğulub. 1932-ci ildən Dövlət Rus Dram Teatrının aktrisası olub.

8 dekabr 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

8 dekabr 1942 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 – 2.8.2009) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, filmlərdə çəkilib.

 

Dünya

 

5 dekabr 1791 – Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 – 1791) vəfat edib.

5 dekabr 1901 – Amerikalı multiplikasiya rəssamı, rejissor, prodüser Uolt Disney (Walter Elias “Walt” Disney; 1901-1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

6 dekabr 1841 – Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille; 1841-1870) anadan olub.

 

7 dekabr 1889 – Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel; 1889 - 8.10.1973) anadan olub.

 

8 dekabr 1832 – Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832-1910) anadan olub.

8 dekabr 1865 – Fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub.

Hazırladı:  Vüqar ORXAN