Əldə edilən vəsait Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna bağışlanıb

Xəbər verdiyimiz kimi, noyabrın 12-də Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası başlanmışdı.

Dekabrın 1-dək davam edən satış-sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika sənəti üzrə 86 müəllifin ümumilikdə 140 əl işi təqdim edilib. Bu müddət ərzində 26 rəssamın 38 əsəri satılıb.

Satışdan əldə edilən 88 min 700 Türkiyə lirəsi məbləğində vəsait tarixi Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda şəhid olan və yaralanan hərbçilərimizin ailələrinə, eləcə də müharibədən zərər çəkənlərə verilməsi məqsədilə Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilib. Bununla bağlı  qəbz Azərbaycanın Türkiyədəki səfirliyinə təqdim edilib.

Qeyd edək ki, aksiyada Azərbaycanın və Türkiyənin tanınmış rəssam və heykəltəraşlarından Özdemir Altan, Devrim Erbil, Zahit Büyükişleyen, Yalçın Gökçebağ, Resul Aytemür, Mustafa Özel, Hüseyin Elmas, Tahir Çelikbağ, Gültekin Özkan, Ezgi Gökçe, Filiz Piyale, Rəhim Məmmədov, Faiq Aqayev, Assim Rəsuloğlu, Lətafət Məmmədova, Teymur Rzayev, Nazim Məmmədov, Günəş Abbas, Əbülfəz Fərəcoğlu, Ümbülbanu Həmidova, Elnur Kərimli, Cəmilə Əlizadə, Vaqif Zeyidquliyev, Leyla Əlizadə Önen, Pərvanə Əlizadə və Yusif Əlizadənin əsərləri satılıb.

Kampaniya Türkiyənin Yeditepe Universitetinin İncəsənət fakültəsinin müəllimi, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev və Bilecik Şeyx Edebali Universitetinin İncəsənət fakültəsinin müəllimi Elçin Mustafayevin təşəbbüsü ilə reallaşıb.

Mehparə SULTANOVA
Ankara