Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında növbəti sərgi açılıb. Budəfəki sərgidə həvəskar rəssam Ülkər Baxışovanın əl işləri nümayiş olunur.

Ülkər Baxışova 1987-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb. Fiziki məhdudiyyətli olsa da, çalışmağa, sənətə, yaratmağa böyük həvəsi var.

O, əlillər üçün peşə məktəbində kompüter dizaynı ixtisası üzrə təhsil alıb, həmçinin rəsm kursunu bitirib. Bundan başqa, toxumağı və tikməyi də öyrənib. Müxtəlif mövzularda əl işləri  ilə çoxsaylı sərgilərdə iştirak edib. Saplarla işləmək, kətan üzərində rəsmlər çəkmək ruhunun təcəssümüdür.

Rəsm əsərlərini yaradarkən müxtəlif mövzulara toxunur, ən çox isə Azərbaycanın qədim incəsənətini yeni, modern üslubda yansıdaraq işləməyi sevir.

Sərgidə rəssamın “Naməlum qadın”,  “İstanbul. Ayasofya məbədi”, “Bakımız”, “Qədim Qobustan. Yallı”, “Quşların eşqi”, “Üzüm səbəti”, “Rəqqasə” və “Qoşa minarəli məscid (Əmircan)” adlı əl işləri nümayiş olunur.