Macarıstan portalı Azərbaycan səfirinin Qarabağla bağlı müsahibəsini dərc edib

Macarıstanın “Daily News Hungary” populyar ingilisdilli informasiya-analitik portalında Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevin müsahibəsi yayımlanıb. Müsahibə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda apardığı Vətən müharibəsinə həsr olunub.

Vilayət Quliyev ötən əsrin əvvəllərindən başlayaraq Qarabağ ətrafında gedən proseslər, Azərbaycanın bu tarixi torpaqlarına erməni tərəfinin zaman-zaman irəli sürdüyü iddialardan bəhs edib, 80-ci illərin sonlarında bu zəmində başlanan münaqişə və Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.

Bu il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın öz torpaqlarını azad edilməsi uğrunda hərbi əməliyyatlara başladığını diqqətə çatdıran səfir vurğulayıb ki, Azərbaycan Ordusunun qalibiyyətli hücumu nəticəsində 44 gündən sonra qarşı tərəf öz ordusunun darmadağın edildiyini başa düşdü və kapitulyasiya elan etdi.

Səfir bildirib ki, regiona sülh lazımdır. Bakı regiona təhlükəsizlik, inkişaf və Qarabağda iki icmanın çoxmillətli Azərbaycan dövlətinin tərkibində dinc yanaşı yaşamasını təklif edir. İlk növbədə, Ermənistan özü dəyişməli, qonşularla ədavət kompleksindən xilas olmalıdır.

V.Quliyev, həmçinin münaqişənin dini xarakteri barədə bütün uydurmaları təkzib edərək xatırladıb ki, Azərbaycanda xristianlığın Qriqorian məzhəbinə məxsus ermənilər də daxil olmaqla, bir çox konfessiyaların nümayəndələri yaşayır və öz dini ayinlərini yerinə yetirirlər. Diplomat, eyni zamanda, Ağdamda, Zəngilanda və digər işğal olunmuş torpaqlardakı məscidlərin ermənilər tərəfindən təhqir olunması faktını jurnalistin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan işğal illəri ərzində Ermənistan tərəfindən vurulmuş ziyana görə təzminat ödənilməsi barədə mütləq iddia irəli sürəcək.

Azad edilmiş bütün torpaqlar bərpa olunacaq. Səfir deyib: “Qarabağ Azərbaycan xalqının milli ruhunun formalaşdığı müqəddəs yerdir. Ümidvaram ki, mənim yenidən Şuşaya getmək barədə çoxdankı arzum tez bir zamanda reallığa çevriləcək”.