1-3 dekabr tarixində Türkiyədə “Uzakrota Online 2020” turizm-səyahət sammiti keçirilib. Sammitdə Azərbaycanın Qarabağ bölgəsinin turizm potensialından da bəhs olunub.

Dekabrın 1-də onlayn forumda çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Qarabağın turizm imkanları və inkişafı perspektivləri barədə danışıb. Qeyd edib ki, təhlükəsizliyin təmin olunması və müvafiq infrastrukturun yaradılması proseslərindən sonra Qarabağ regionunun yeni turizm destinasiyası (turistik məkan, region) kimi təqdim olunacaq.

Dövlət Turizm Agentliyindən bildirilib ki, “İnternetin destinasiya marketinqində rolu” panelində məruzəçi qismində çıxış edən Florian Zenqstşmid, həmçinin iştirakçılara COVİD-19 pandemiyası zamanı destinasiyaların marketinqində rəqəmsal alətlərin üstünlüyü, turizm sənayesinin inkişafında innovativ strategiyaların tətbiqi, eləcə də turistləri cəlb etmək üçün destinasiyaların təhlükəsiz və dayanıqlı olması amillərinin vacibliyi haqqında danışıb.

Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan F.Zenqstşmid türkiyəli turistlərin ölkəmizə marağının artmaqda olduğunu bildirib.

Baş icraçı direktor Azərbaycanda pandemiya dövründə həyata keçirilən layihələr, o cümlədən “Azerbaijan 101” onlayn təlim platforması, Turizm Təlim və Sertifikasiya Mərkəzi, “Macəra yaxındadır” daxili turizm kampaniyası haqqında da məlumat verib.

Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva onlayn sammit çərçivəsində işgüzar turizmə həsr olunmuş konfransda “Yerli innovasiyalar vasitəsilə işgüzar tədbirlərin inkişafının cəmiyyətlər üzərində təsiri” mövzusunda çıxış edib. O, işgüzar tədbirlər sənayesinin inkişafı üçün zəruri olan əsas amillər, o cümlədən təhsil səviyyəsinin artırılması, sənaye nümayəndələri üçün əməkdaşlıq və şəbəkələşmə imkanlarının yaradılması, dövlət tərəfindən sənayenin inkişafına dəstək verilməsinin üstünlüklərindən bəhs edib, Azərbaycan Konqreslər Bürosu tərəfindən pandemiya dövründə həyata keçirilən hibrid tədbirlər barədə danışıb.

“Uzakrota Turizm Sammiti” turizm agentlikləri, hava yolları şirkətləri, hotellər, turizm sahəsində fəaliyyət göstərən startaplar və turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq sərgidir. Bu il onlayn formatda keçirilən sərgiyə MDB, Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən 300-ə yaxın məruzəçi qatılıb.