“Gilavar” Azərbaycan Foto Klubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) fəxri adlarına layiq görülüblər. FİAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.

Qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında  müxtəlif ölkələrdə keçirilən fotomüsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli, mükafatlar qazanmalıdır. Bundan əlavə, ildə bir dəfə təqdim olunan fəxri adlara layiq görülmək üçün FİAP Direktorlar Şurasının və Bədii Komissiyasının üzvlərinin əksəriyyətinin dəstəyi (səsi) tələb olunur.

Bu il Azərbaycandan 5 fotoqraf fəxri adlara layiq görülüb. Nurlan Tahirli, Valeri Xlızov, Aleksandr Firstov Beynəlxalq Foto Sənəti Federasiyasının “Rəssam”, Rəşad Mehdiyev “Mükəmməllik”, İlqar Cəfərov isə “Mükəmməlik/bürünc” dərəcələrini əldə ediblər. Bununla da 2016-cı ildən başlayaraq beynəlxalq fəxri ad alan azərbaycanlı fotoqrafların sayı 7-yə yüksəlib.

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbirləridir.