Klassiklərimizi oxuyarkən
Azərbaycan ədəbiyyatının klassik nümayəndələrindən olan Molla Vəli Vidadi özünəməxsus yaradıcılığı ilə seçilən simalardan biridir. O, Molla Pənah Vaqifin həm müasiri, qohumu, həm də yaxın dostu olub. Unudulmaz Firudin bəy Köçərli yazırdı: «Molla Vəli Vidadi və Vaqif... Əşarü kəlamları mövzun, təbləri rəvan, dilləri açıq və sadə. Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özgə millətlərin arasında zühr etmiş olsa idilər, bişübhə, indiyə kimi onların asarü aşarı dəfaət ilə (dəfələrlə - F.X.) çapdan çıxıb əbnayi-millət içində yayılmışdı».
Vidadini müasir dövrümüzlə 300 ilə yaxın bir zaman kəsiyi ayırır, amma onun şeirlərini oxuduqca duyduğumuz ağır kədərin içində bu günün bir sıra dərd və ağrıları boylanır. Bu da vətən həsrətidir. Əgər Vaqif yurdumuzun gözəllərini vəsf edərək onların hüsnünə, füsunkarlığına, cazibədarlığına saysız-hesabsız qoşmalar ithaf edirdisə və bu şeirlərdə də həddən-ziyadə həyat eşqi, yaşamaq həvəsi duyulurdusa, Vidadidə bunların əksinədir. Vidadinin poeziyasında əbədi lövbər salan dərin bir kədər var. Bu kədərin əsas motivi də vətən həsrəti və qəribçilik iztirablarından ibarətdir:
Mən görmüşəm bu qürbətin dadını,
Yanıb-yanıb çox çəkmişəm odunu.
Qəmlənirsən hər görəndə şadını,
Bir gün olur, Vətən deyib ağlarsan.
«Durnalar» mövzusunda şeir yazan şairlərimiz çox olub. Vidadi, Vaqif, Zakir və başqaları. Bu şeirlərin çoxunda müəlliflər durnalara xitabən ayrı düşdüklərindən xəbər tutmaq istəyiblər. Amma Vidadinin «Durnalar»ı tamam başqa ovqatdadır. Üzünü havada sıralanan durna qatarına tutan şairi narahat edən əlinin və ününün çatmadığı doğma yerlərdəki vəziyyətin necə olmasıdır. Bu mənada Vidadi durnalardan imdad diləyərkən vətəndən xəbər tutmaq, həsrətindən üzüldüyü obalara, ellərə namə göndərmək istəyində olub:
Bir baş çəkib dərdməndin halına,
Ərzə yazsın, qələm alsın əlinə.
Vidadi xəstədən Bağdad elinə,
Siz yetirin bir nişanə, durnalar!
Şairin bizə çatan müxəmməslərinin, qoşma, gəraylı və bayatılarının demək olar ki, əksəriyyətində qürbətlikdən doğan nisgil, gözü yolda qalan bir qəribin atəşlərə düçar olmuş qəlbinin pörşələnmiş istəkləri duyulur. Bu şeirləri oxuduqca ən ağır kədərin içində də böyük bir vətən sevgisinin şahidi oluruq. Doğrudur, tədqiqatçılar hələ də dürüst aydınlaşdırmayıblar ki, dostu və həmyerlisi Vaqifdən fərqli olaraq niyə Vidadinin poeziyasında bu qədər ağır kədər, vətən həsrəti var? Onun müxtəlif yerlərdə, xanlıqlarda mirzəlik etdiyindən, eşikağası olduğundan yazırlar.
Amma bir məsələ var ki, Molla Vəli Vidadi Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya gəlib. Şəmkirdə, Qazaxda yaşayıb. Ərəb, fars dillərini mükəmməl bildiyindən mirzəlik və məktəbdarlıqla məşğul olub. Yalnız bir faktın bəlli olması müəyyən mətləbləri pıçıldayır. Deyilənə görə, Molla Vəlinin atası Qazaxa Cənubi Azərbaycandan köçüb və onun atası Səfəvilər dövründə yaşayan Həmzə Sultanın nəslindəndir.
Əlbəttə, feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən, tənhalıqdan mənəvi sıxıntılar keçirən Molla Vəli Vidadi bu mövzulardan yaza bilərdi və yazıb da. Amma vətənin içində vətən dərdindən, həsrətindən yazmaq, bu, adi məsələ deyil. Klassik şairlərimiz heç zaman şeir yazmaq xatirinə uydurma mövzuların arxasınca getməyiblər. Onların böyüklüyü və əbədiyaşarlığı da bundadır ki, məhz qəlblərindən keçirdikləri duyğu və düşüncələri misralarla dilə gətiriblər.
Doğrudur, Vidadinin aşiqanə şeirləri də var. Onun lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Amma poeziyasının əsas sarı simi vətən həsrətidir. Bəzi tədqiqatçıların fikrincə, o, şah saraylarına dəvət edildiyindən müəyyən müddət doğmalarından ayrı düşüb. Bu da inandırıcı görünmür. Çünki Vidadi kədərinin naləsində bəşərilik var. Onun ruhunda ictimai bəlaların ağrı-acıları duyulur:
İstəmənəm bu dünyanın malını,
Qovğasını, fitnəsini, alını.
Qəriblikdə bikəslərin halını,
Fikr elərəm, gözüm dolar qan ilə.
Sovet dövründə Vidadi yaradıcılığını təhlilə çəkən ədəbiyyatçıların bir çoxu yanlışlığa yol veriblər. Yəni onu dövrünün hakim qüvvələrinə qarşı çıxan bir insan kimi təqdim etmək naminə bəylərlə, xanlarla düşmən olduğunu, onları sevmədiyini təsdiq etməyə çalışıblar. Vidadi yaradıcılığını oxuduqda isə, heç də belə olmadığını görürsən.
XVII-XVIII əsrlərdə həm şifahi, həm də yazılı ədəbiyyatda vətən mövzusunda, xüsusilə də qürbətdə əziyyət çəkən insanların ovqatını əks etdirən şeirlər çox yazılırdı. Bu şeirlərin də əsas mayasında vətən sevgisi dururdu. O dövrdə xanlıqlar arasında baş verən yersiz didişmələr, çəkişmələr, heç nədən törənən fitnə-fəsadlar insanların qırğınına, vətəndən ayrı düşməsinə, ağır vəziyyətə salınmasına səbəb olurdu. Bəlkə də elə bu baxımdan xalqın faciəsini dilə gətirmək, vətənin gələcəyini dərindən düşünmək üçün Vidadi öz sarsıntılarını, ürəyindən keçənləri məhz bu şəkildə qələmə alırdı.
Çərxi-fələk, mən ha köçdüm yurdumdan,
Ayrı düşdüm qoşunumdan, ordumdan.
Vidadiyəm, aləm tanır dərdimdən,
Möhnət yükü qəddim əyər, ağlaram.
Şairin poeziyasında bir insan ömrünün bütöv mənzərəsi əks olunur: uşaqlıq, gənclik, qocalıq. İnsana xas olan qurub-yaratmaq, inam, nikbinlik, şuxluq, müdriklik, kövrəklik, ümidsizlik, həsrət, qürbət ağrısı - bütün bunların hamısı Vidadi şeirinin atributlarıdır. Vidadi kədəri həqiqətən də bəşəri kədərdir. Onun bu mövzudakı bütün şeirləri ictimai həyatdan, reallıqdan, tarixi haqsızlıqlardan doğan əbədi kədərdir. Onun şeirlərini oxuduqca heyrətlənirsən. Çünki ən ağır qəmin və dərdin əlində əzildiyi vaxtda da Vidadini vüqarlı, əyilməz, əzəmətli, bənzərsiz görürük. Hətta qəriblikdə ümidsizlik əlində çırpınanda da belə etdiyi şikayətlərin bütün notlarında vətən sevgisinin ülviliyi oxucunu düşündürür. Ən kədərli, ən kövrək, ən bədbin şeirində də bu sevginin təsiredici qüvvəsi və qüdrəti var.
Xəstə düşdüm, gələn yoxdur üstümə,
Qərib öldüm, bikəs öldüm, yad öldüm,
Vidadi ilə Vaqifin deyişməsi ədəbiyyatda məşhurdur. Vaqif özündən yaşca böyük olan Vidadidən nə üçün belə ağladığını, şikayət etdiyini soruşduqda Vidadinin cavabı daha dərin və mənalı səslənib. Bəllidir ki, Vaqif Şuşada Qarabağ xanının sarayında mühüm vəzifə başında duran nüfuzlu şəxsiyyət idi. Vidadi çox incə məqamlarla bildirir ki, hələ sənə zaman yetişməyib. Yetişəndə:
Külli-Qarabağın abi-həyatı,
Nərmü nazik bayatıdır, bayatı.
Oxunur məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr, ağlarsan.
Bu gün Vaqifin, Natəvanın, Bülbülün güllələnmiş heykəllərini xatırlayanda Vidadinin əsrlər öncə söyləmiş fikri adamı dəhşətə gətirir.
Molla Vəli Vidadinin yaradıcılığında «Müsibətnamə» poemasının da xüsusi yeri var. Bu əsər Şəki hakimi Hüseyn xan Müştağın öldürülməsi münasibətilə yazılıb. Lakin burada təsvir edilən ağır hadisələr yaşadığı dövrün faciəsi kimi diqqət çəkir. Tarixə nəzər salarkən xanlıqlar dövründə baş verən müharibələr, törədilən qətllər Vidadinin hansı dərdlərlə sirdaş olduğunu bir daha aydınlaşdırır. Vidadinin «Belə qalmaz» rədifli müxəmməsi də bu fani dünyanın sonluğunun təsviri baxımından çox mənalıdır.
Gəl, çəkmə cahan qeydini sən, can belə qalmaz,
Qan ağlama çox, dideyi-giryan belə qalmaz.
Gül vaxtı keçər, seyri-gülüstan belə qalmaz,
Hər ləhzə, könül, xürrəmü xəndan belə qalmaz,
Bir can yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.
Həmid Araslı yazırdı ki, Vidadinin bu müxəmməsi bir tərəfdən şairin küskün əhvalını əks etdirirsə, ikinci tərəfdən dövrün ictimai quruluşuna qarşı etiraz və istehzası açıq-aydın duyulur.
Vidadinin 1977-ci ildə «Azərnəşr» tərəfindən çap edilmiş şeir kitabını vərəqləyərkən onun «Bu gün» rədifli bir müxəmməsini də oxuduq. Həmin müxəmməsin bütün bəndlərində rədifdən öncə Livan sözü təkrarlanır. O dövrdə həmin ölkədə baş verən müharibələrdən, iğtişaşlardan qeyzə gələrək gərdişi-dövrana şeirləri ilə münasibətini bildirən Vidadi atəşlərdə yanan insanların halına göz yaşı tökür və qəribədir ki, həmin müxəmməsin sonu belə qurtarıb:
Bu müsibət, doğrudur, canü ciyərlər yandırır,
Həqq bilir başdan-ayağa yandı gör Sevan bu gün.
Kitabda verilmiş lüğətdə «Sevan» sözünün qarşısında yazılıb - Göyçə gölünün ikinci adı. Mütəxəssislərdən öyrəndik ki, Dədə Qorqud dastanında, eləcə də şifahi xalq ədəbiyyatımızın müxtəlif növlərində adı çəkilən Göyçə gölü öz qədim ismini Azərbaycana məxsus yerlər işğal edilərək Ermənistan Sovet Respublikası yarandıqdan sonra itirib. Ermənilər onu «Sevan» adlandırıblar. Heç ola bilməzdi ki, XVII-XVIII əsrlərdə Göyçə gölü ola-ola Vidadinin müxəmməsinə belə bir qondarma ad düşsün. Bu hansı barmağınsa XX əsrdə Livana həmqafiə kimi Sevanı sırımasıdır. Əslində Vidadinin dövründə heç bir yazılı mənbədə, arxiv materiallarında «Sevan» sözünə rast gəlinmir.
Adamın yadına daş üstünə xaç işarələyib çınqıllıqlara atan, torpağa basdıran, evlərin divarlarına hörən «yan»ların bəd əməlləri düşür. İstər-istəməz yenə də Vidadinin 300 ildən üzü bəri yol gələn poeziyasından bir nümunə ilə ruhuna dua oxuyuruq:
Xuda, sən saxla gəl fərdi,
Çətindir yalqızın dərdi.
Pərişanlıq tapar mərdi,
Havadar olmayan yerdə.
Flora Xəlilzadə