Dörd nominasiya üzrə qaliblərin adları açıqlanıb

30 noyabr – 6 dekabr tarixlərində  keçirilən “DokuBaku” Beynəlxalq  Sənədli Film Festivalı qaliblərinin adları açıqlanıb. Bu barədə festivalın rəsmi “Facebook” hesabında məlumat və video yayımlanıb.

4-cü dəfə təşkil edilən “DokuBaku” festivalı pandemiya səbəbindən onlayn formatda gerçəkləşib. Builki festival “Dəyişikliklər” mövzusu altında dörd nominasiya üzrə keçirilib.

“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında Nino Orjinkidze və Vano Arsenişvilinin “Tunel” filmi qalib olub.

“Ən yaxşı milli sənədli film” nominasiyasında Atanur Nəbiyevin “Kirşan” filmi qələbə qazanıb.

“Ən yaxşı qısametrajlı sənədli film” Aleks Evsteqniyevin “Qızılı düymələr”i, “X kateqoriyası”nın qalibi isə rejissor Domenico Centronenin “Yaddaş atlası” seçilib.

Qeyd edək ki, festival günlərində bir həftə ərzində dafilms.com beynəlxalq onlayn platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunub.  Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Onlardan 90-nı tammetrajlı, qalanları isə qısa sənədli filmlər olub. Xarici və yerli mütəxəssislərdən ibarət  jüri heyəti 4 kateqoriya üzrə 36 ekran əsərini nümayiş üçün seçib.

Festivalın açılışında azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar yetişəndə” filmi nümayiş olunmuşdu.

LALƏ