Bakı və Abşeronda, eləcə də 15 şəhərdə və rayon mərkəzində sərt karantin rejimi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 8-də məlumat yayıb. Məlumatda deyilir ki, dünyada COVİD-19 pandemiyasının növbəti dalğası yaşanır.

Dünya üzrə 60 milyondan çox yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan yeni növ koronavirusdan həyatını itirib. Virusa yoluxmanın yüksək həddi müxtəlif ölkələrdə yenidən sərt karantin tədbirlərinin tətbiqini zərurətə çevirib.

Azərbaycanda da son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,  ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılır.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan  2021-ci il 18 yanvar  saat 00:00-dək ölkənin bütün ərazisində Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.

 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sözügedən ərazilərdə hərəkət məhdudiyyəti tətbiq edilir. Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra qeyd olunan ərazilərdə hərəkət edə bilərlər. Məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək qeyd olunan ərazilərdə bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi  və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə verilir.

SMS-icazə rayon və şəhər daxilində 3 saat müddətinə gündə 1 dəfə verilir. Tibbi xidmət və dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq arayışla müəyyən ediləcək.

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, habelə  bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət  2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.