Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ləğv edilərək onun əvəzində Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb. Prezident İlham Əliyev dekabrın 8-də bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılmışdı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etmək tapşırılıb.

Dövlət başçının fərmanı ilə “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilib.

Əsasnamədə qeyd olunur ki, Fondun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.