Prezident İlham Əliyev dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişlər. Xalqımızın igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmişlər.

Diqqətə çatdırılır ki, hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir. Vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

Vurğulanır ki, “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə yaradılır.

Fərmanla, həmçinin  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.

Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri;

işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşları və ya həlak olmuş əməkdaşların ailə üzvləri;

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaitinin sərəncamçısı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Dövlət Agentliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “YAŞAT” Fondu vasitəsilə göstərilən dəstək tədbirlərinin bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etmək tapşırılıb.

***

Dövlət başçısı dekabrın 8-də “YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam da imzalayıb.

Himayəçilik Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Abdullayev Çingiz Akif oğlu

Alızadə Sevinc Əsgərxan qızı

Aslanov Novruzəli Davud oğlu

Aşina Məsud

İbrahimov Mənsum İsrafil oğlu

İsgəndərov Anar Camal oğlu

Qasımov Balakişi Ələkbər oğlu

Novruzov Cahangir Mütəllib oğlu

Ramaldanov Şair Ramaldan oğlu

Səfərəliyeva Rəna Teymur qızı

Zəkiyev İlham Əzizağa oğlu.