Türkiyənin Konya şəhərindəki Səlcuq Universiteti və Aydın şəhərindəki Adnan Menderes Universitetinin təşkilatçılığı ilə “Bilgə Tonyukuk ili”nə həsr olunmuş “Türk mədəniyyəti, sənəti və mədəni irsi qoruma” mövzusunda beynəlxalq onlayn simpozium keçirilib.
İki gün davam edən tədbirə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları da qatılıb.
Ədəbiyyat Muzeyindən bildirilib ki, simpoziumun açılış mərasimində türkiyəli professorlar Əhməd Aytac, Osman Kunduracı, Osman Səlcuq Aydəmir və digər ölkələrdən alimlər məruzələrlə çıxış ediblər.
Simpoziumda Ədəbiyyat Muzeyinin əməkdaşlarının türk və ingilis dillərində “Azərbaycan milli mətbuatının və Nizami muzeyinin təqdimatı”, “Azərbaycan torpaqlarının istilası tarixi milli ədəbiyyatda”, “Nizami muzeyinin ekspozisiyasında Şirvanşahlar dövrü mədəniyyətinin əksi”, “Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri klassik məqtəl nümunəsi kimi”, “Qacarlar dövrü ədəbiyyatında İran-Rusiya savaşının inikası” mövzularında məruzələri dinlənilib.
Muzey əməkdaşlarının Azərbaycan ədəbiyyatı, publisistikası, muzeyşünaslıq, eləcə də dünya ədəbiyyatı mövzularına həsr olunmuş çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
İştirakçılar beynəlxalq simpozium çərçivəsində türk təsəvvüf tarixi və incəsənətini nümayiş etdirən virtual sərgi ilə də tanış olublar.