İtaliya parlamentinin nümayəndə heyəti Ağdamda erməni vandalizminin şahidi olub

Dekabrın 6-da İtaliya parlamentinin üzvləri – Deputatlar Palatasının və Senatın nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfərin məqsədi nümayəndə heyətini erməni silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, müharibə cinayətlərinin izləri ilə tanış etmək olub.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə və başqaları müşayiət ediblər.

Nümayəndə heyəti Ağdam şəhərində işğalçıların 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

Əvvəlcə Ağdam məscidinə gələn qonaqlara məlumat verilib ki, 1993-cü il iyulun 23-də mühüm coğrafi mövqedə yerləşən Ağdam rayonunun 77 faizini – bir şəhər, 1 qəsəbə, 79 kəndi işğal edən erməni silahlı dəstələri yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də vandalizmə məruz qalıb. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi xarabalıqlar qalıb. Digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən talan edilib və yandırılıb.

Daha sonra nümayəndə heyəti Ağdam Dövlət Dram Teatrı binasının qalıqları önündə rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərə baxıb.

Ettore Rosato jurnalistlərə müsahibəsində deyib ki, burada müharibənin acınacaqlı nəticələrini, dəhşətli üzünü, dağıntıları gördük. Bundan təsirli mənzərə ola bilməz. Burada bütün evlər, infrastruktur dağıdılıb. O ümidvar olduğunu bildirib ki, Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq. Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək: “İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq”.

İtaliya Senatının üzvü Adolfo Urso bildirib ki, İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin bölgəyə səfərində məqsədi müharibəni yenidən alovlandıran səbəblər, müharibənin nəticələri, gələcəkdə Azərbaycan və erməni xalqlarının birgəyaşayışı üçün hansı şərtlərin mövcud olması barədə fikir formalaşdırmaqdır. “İnsani, dini dəyərlərə hörmət əlaməti olaraq, ilk növbədə, həqiqətin nədən ibarət olduğunu araşdırmaq önəmlidir. Gördüyümüz həqiqət ondan ibarətdir ki, burada cinayət törədilib. Yüz minlərlə günahsız insan öz yaşadıqları ərazilərdən qovulub. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr də bir daha sübut edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır”, – deyə o vurğulayıb.