Xəbər verdiyimiz kimi, Parisdə UNESCO İcraiyyə Şurasının 210-cu sessiyası keçirilir. Pandemiya səbəbindən onlayn formatda keçirilən sessiyanın plenar iclasında ölkəmizin UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev çıxış edib.

O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda baş vermiş son hadisələr, erməni işğalından azad edilmiş ərazilərdəki vəziyyət barədə İcraiyyə Şurasının üzvlərini, eləcə də plenar iclasın iştirakçılarını məlumatlandırıb.

Bildirilib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli razılaşma tam atəşkəs və bütün döyüş əməliyyatlarının dayandırılması ilə nəticələnib. Azərbaycanın işğal altında olan əraziləri 2020-ci il dekabrın 1-də tamamilə azad olunub.

Ayaz Qocayev ölkəmizin 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərində mədəniyyət və dini abidələrimizin yerlə yeksan edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş rayonlara təşkil etdiyi ilkin monitorinq bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və s. daxil olmaqla 180 mədəniyyət obyekti üzrə qeydiyyatı aparılıb və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib. İclas iştirakçılarının nəzərinə o da çatdırılıb ki, azad edilmiş ərazilərdəki bütün məscidlər işğal dövründə dağıdılıb, bəziləri isə murdarlanaraq tövləyə çevrilib.

Vurğulanıb ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı anlaşmaya uyğun olaraq, Ermənistanın işğalı altında olan Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılıb. Bu ərazilərdəki qanunsuz məskunlaşma yerlərini tərk etməli olan ermənilər tərəfindən Azərbaycanın Kəlbəcər rayonundakı XIII əsrə aid Xudavəng monastırının zəngləri, xaçları və qədim əlyazmaları, eləcə də Ağdam rayonundakı Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılmış qiymətli əşyalar Ermənistana daşınıb. Bu, 1954-cü il Haaqa Konvensiyasının və onun iki Protokolunun, eləcə də 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bundan əlavə, erməni tərəfi  bu əraziləri tərk edərkən yaşayış binalarını, məktəbləri və digər mülki infrastrukturu yandırıb, ağacları kəsib və bununla da ekoloji terror aktı törədib.

“Təəssüf ki, bütün bu əməllərin müqabilində Ermənistan işğal olunmuş ərazilərdəki mədəni irs və dini abidələr kontekstində Azərbaycana qarşı saxta informasiya kampaniyasını davam etdirir. Bu, Azərbaycanın imicinə kölgə salmaq məqsədi daşıyır. Azərbaycanda əsrlər boyu müxtəlif mədəni və dini irs abidələri, ibadət yerləri qorunub saxlanılıb. Bu irs çoxmədəniyyətli və çoxkonfessiyalı ölkə kimi Azərbaycanın tarixinin ayrılmaz hissəsidir. Bütün bunlar cəmiyyətimizin dəstəklədiyi və həmişə dəstəkləyəcəyi müxtəliflik, multikulturalizm, tolerantlıq və dialoq dəyərlərini özündə ehtiva edir”, – deyə A.Qocayev vurğulayıb.

Qeyd edək ki, UNESCO İcraiyyə Şurasının 210-cu sessiyası dekabrın 10-da başa çatacaq.