Sənət yolu opera səhnəsindən keçən, parlaq ifası ilə yaddaşlarda yaşayan aktrisalardan biri də Əməkdar artist Şəfiqə Qasımova olub. O, korifey sənətkarlarla bir səhnəni bölüşüb, ifa manerası ilə diqqətləri cəlb edib. Filmlərdə yaddaqalan obrazlar yaradıb.
Şəfiqə Qasım qızı Qasımova 5 dekabr 1924-cü ildə Bakıda dünyaya göz açıb. Kiçik yaşlarında valideynlərini itirən Şəfiqə nənəsinin himayəsində böyüyür. Məktəbli ikən istedadı üzə çıxır. Məktəbin musiqi dərnəyində tez-tez çıxışlar edir. Qısa müddətdə istedadının sorağı yayılır, bir çox musiqi kollektivlərindən dəvətlər alır.
Maestro Niyazinin bədii rəhbəri olduğu Musiqili Komediya Teatrının (indiki Musiqili Teatr) xoruna yazılması Şəfiqənin sənət taleyində mühüm rol oynayır. Azərbaycan və rus bölmələrində oxuya bilməsi kollektivdə maraqla qarşılanır.
Bənzərsiz səsi, parlaq diksiyası dahi bəstəkar Üzeyir Hacıbəylinin də diqqətini çəkir. Beləliklə, Şəfiqə Qasımova filarmoniyanın Xor kapellasına dəvət edilir. Xalq artisti Cahangir Cahangirovun bədii rəhbər olduğu filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, “Sazçı qızlar” ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi görkəmli sənətkarlarla birgə çalışır.
Şəfiqə Qasımova II Dünya müharibəsi illərində Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Bir müddət sonra, 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Opera və Balet Teatrına dəvət edilir. Opera səhnəsində Şəfiqə Qasımovanın ilk baş rolda ifası Səid Rüstəmovun “Durna” operettası ilə başlayır. Xeyli vaxt baş və xarakterik rolların ifaçısı olur. Ü.Hacıbəylinin “Arşın mal alan”ında Asya, “Koroğlu”da Xanəndə qız, Fikrət Əmirovun “Sevil”ində Gülüş və s. obrazları yaradır. Bülbül, Lütfiyar İmanov, Cavanşir Qafarov, Kamal Kərimov və digər sənətkarlarla tərəf-müqabili olur.
Aktrisa Musiqili Komediya Teatrının səhnəsində yaddaqalan rollar oynayıb, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov kimi korifey sənətkarlarla bir səhnəni paylaşıb. “Gözün aydın”, “Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Qızılaxtaranlar”, “Toy kimindir?”, “Boşanıb evlənərik”, “Ulduz”, “Qayınana”, “Nazxanım naz eləyir”, “Milyonçunun dilənçi oğlu”, “Hicran”, “Keto və Kote” və s. tamaşalarda yaratdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Şəfiqə Qasımova teatr səhnəsindəki uğurlarını kinoda da davam etdirib. Kinosevərlər aktrisanı Həbib İsmayılovun “Ögey ana” (Zeynəb), Tofiq İsmayılovun “Vulkana qarşı” (Ana) və s. filmlərdə yaratdığı obrazlarla xatırlayırlar. O, həmçinin Vaqif Mustafayevin “Milli bomba”, “Yoxlama” və Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filmlərində rol alır.
1960-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülən Şəfiqə Qasımova 2002-ci ildən Prezident təqaüdçüsü olub. Ömrünün ahıl çağlarında Mədəniyyət Fondunun “Solmayan ulduzlar” kollektivinə dəvət edilən sənətkar burada Səməd Vurğunun “Vaqif” tamaşasında Xuraman, Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasında isə Gülnisə obrazlarını yaradır. Gülnisə roluna görə Cabbarlı adına mükafata layiq görülür.
Şəfiqə Qasımova 3 aprel 2008-ci ildə, 84 yaşında dünyasını dəyişib.
Savalan FƏRƏCOV