Azərbaycanın bölgələrində mövcud olan turizm potensialı ilk növbədə regionlarımızın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, paytaxtdan regionlara gedən yolların bərpası nəinki xarici turistlərin, eyni zamanda yerli insanlarımızın da öz istirahətlərini bölgələrimizdə keçirməsinə maraqlarını artırır.
   Hazırda turizm mövsümünün qızğın dövrüdür. Bu səbəbdən də Azərbaycanın turizm üçün əlverişli olan rayonları ilə bağlı bilgilərimizi oxucularımızla bölüşməyi qərara aldıq.
   
   Təbii abidələrin yaratdığı gözəllik
   
   Azərbaycanın dilbər guşələrindən biri də Bakıdan 444 km məsafədə, Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşən Gədəbəy rayonudur. 92 min nəfər əhalisi olan bu rayonun olduqca böyük turizm potensialı var. Buna həm rayonun IX - XIX əsrlərə aid maddi-mədəni irs nümunələri, həm də füsunkar təbiəti imkan verir.
   Gədəbəyin ərazisindəki ən uca zirvələr - Qoşabulaq (3549 m) və Qocadağ (3317 m) dağlarıdır. Uca dağlarda tundraya xas iqlim, dağların ətrafında isə quru isti yay iqlimi müşahidə olunur. Burada iyul ayında havanın temperaturu +10°C-dən +20°C-dək, yanvar ayında isə -2°C-dən -10°C-dək dəyişir.
   Rayon ərazisində məşhur “Qızılca” qoruğu və 4 təbii abidə - Qovdu, Gödəkdərə, Gamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi-keçi, Cərcə, Cüyür və Ayı bulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mormor mineral su bulaqları var.
   Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.
   
   Son Tünc - İlk Dəmir dövrünə aid qalalar qədimlik nişanəsidir
   
   Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada Tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərdqala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. Bundan başqa, rayonun ərazisində daha çox Son Tünc - İlk Dəmir dövrünə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Qrex qalası, Parakənd qalası, Səbətkeçməz kəndində yerləşən XIX əsrə aid körpülər, Novosaratovka kəndində1535-ci ildə inşa edilmiş məbəd və s. var. Söyüdlü kəndi ən çox abidələrlə zəngin olan kənddir.
   Buradan “Gədəbəy dəfinələri” adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılıb. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu.
   Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən qala yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib.Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.
   Koroğlunun əsas istinadgahı Çənlibel qalası olub (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). 19-cu əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.
   XIX əsrin ortalarında Almaniyanın “Siemens” firması Gədəbəydə iki misəritmə zavodu tikib. Çar Rusiyasında əridilən misin dörddə bir hissəsi bu zavodların payına düşürdü. Siemens qardaşları bu regionda aparılmış arxeoloji qazıntıların nəticələri əsasında “Qalakənd” adlı elmi əsər də yazıblar.
   
   Rayona ildə 1500 turist gəlir
   
   Gədəbəy Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Fazilə Məmmədovadan aldığımız məlumata görə, rayonda əsasən 4 istirahət mərkəzi fəaliyyət göstərir - «Yuxarı Narzan», «Aşağı Narzan», «Şirxan» və «Göyçə». Bu istirahət mərkəzlərində bir gün ərzində 145 nəfər dincələ bilir. İl ərzində isə Gədəbəy rayonuna təxminən 1000-1500 nəfər turist gəlir.
   Romantik səyahətləri xoşlayanlar üçün piyada marşrutlar da var: Gədəbəy - Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy - Söyüdlü kəndi (5 km), Gədəbəy - Maarif kəndi - Slavyanka kəndi (10 km).
   Müalicəvi və mineral suları - “Narzan” (Slavyanka, Kiçik Qaramurad və Söyüdlü kəndlərində), “Turşsu” (Qalakənd kəndində), “Mormor” (Mormor kəndində), Turşsu (Şınıx) bütün dünyada məşhurdur.
   Rayonda çay şəbəkəsi sıxdır. Ən böyük çayları Axınca, Zəyəm və Şəmkir çaylarıdır. Orta dağliqda kollu və seyrək meşəli çəmənliklər, enliyarpaqlı meşələr (palıd, fisdıq, vələs), yüksək dağlıq yerlərdə isə subalp və alp çəmənlikləri geniş yer tutur.
   Rayonun ümumi sahəsi 27,2 min hektar olan meşələrində zəngin heyvanat aləmi var. Burada dağkeçisi, cüyür, qonur ayı, canavar, quşlardan - tetra, ular, qartala və bir çox nəslikəsilmiş heyvanlara da rast gəlmək mümkündür.
   Rayonda xalq sənətlərindən bədii tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanıb.
   
   Tarixi abidələrin bərpasına ehtiyac var
   
   Yuxarıda təsvir etdiklərimizdən də göründüyü kimi, Gədəbəyin geniş turizm potensialı var. Və bu potensial ildə nəinki 1500, hətta 15 000 turisti qarşılamağa belə imkan verir. Lakin bir çox amillər buna imkan vermir. F.Məmmədovanın dediyinə görə, Bakı-Gədəbəy magistral yolu təmirli olsa da, rayondan tarixi abidələrin yerləşdiyi kəndlərə gedən yollar olduqca bərbad vəziyyətdədir: «Üstəlik, bir neçə əsrlik tarixi olan abidələr zaman keçdikcə korroziyaya uğrayıb. Onların mütəxəssis nəzarəti altında təmirinə ehtiyac var. Rayona gələn turist dağınıq vəziyyətdə olan abidə haqqında hansı təsəvvürdə ola bilər? Ona görə də hesab edirəm ki, həm kəndarası yollar, həm də abidələr təmir edilməlidir».
   Qeyd edək ki, adıçəkilən rayonda istirahət mərkəzlərindən əlavə, mehmanxana da fəaliyyət göstərir. Bundan əlavə, yerli bələdiyyələr vasitəsilə şəxsi evləri kirayələmək də mümkündür. Gədəbəy şəhərinin özündə müasir tipli idman kompleksi və mərkəzi şəhər stadionu tikilib. Həmin kompleksə 2005-ci ilin yanvarında olimpiya statusu verilib.
   
   Fəxriyyə ABDULLAYEVA