Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Respublikanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü Rumiyə Həmid qızı Kərimova uzun sürən xəstəlikdən sonra 2020-ci il dekabr ayının 5-də, 81 yaşında Almaniyada vəfat etmişdir.

Rumiyə Kərimova 15 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 

Uzun illər ərzində o, istedadlı vokal ifaçısı (metso-soprano) kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, teatrın səhnəsində bir çox tamaşalarda parlaq obrazlar yaratmışdır.

Rumiyə Kərimova eyni zamanda vokal sənətimizdə yeni ifaçıların yetişməsinə mühüm töhfələr vermiş, 50 il ərzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu istiqamətdə səmərəli pedaqoji fəaliyyət göstərmişdir. Professor Rumiyə Kərimovanın yetirmələri bu gün görkəmli vokal ifaçılarının sənət yolunu davam etdirirlər.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi