Qarabağ döyüşlərində şəhid olan İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin məktəbdə yaratdığı muzeyə onun adı verilib.

Famil Əhmədzadə 1997-ci ildən məktəbdə tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycan tarixinə, maddi-mədəni irsimizə marağı ilk vaxtlardan onu məktəbdə tarix muzeyi yaratmağa həvəsləndirib və çox keçmədən buna nail olub. Muzeydə eramızdan əvvəl III-II minilliyə aid dulusçuluq, XVII-XIX əsrlərə aid maddi-mədəniyyət, xüsusilə misgərlik nümunələrinin yer aldığı ekspozisiyalar bura gələn hər kəsdə böyük maraq doğurur. Tarix dərslərinin çoxunu muzeydə tədris edən Famil müəllim şagirdlərə Qədim, Orta əsrlər və müasir tariximizə aid hər bir eksponat barədə ətraflı məlumat verirdi.

Sentyabrın 27-də başlanan Vətən müharibəsindən üç gün sonra Famil müəllim də könüllü olaraq cəbhəyə gedib və baş leytenant kimi döyüşlərə qatılıb. Oktyabrın 14-də Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olub.

İsmayıllıdakı Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra məktəbin pedaqoji kollektivi yekdilliklə tarix muzeyinə şəhidin adını verib və burada onun haqqında xüsusi guşə yaradılıb.