Ölkəmizdəki palçıq vulkanları finala çıxan 28 yerdən biri oldu
   
   Dünyanın yeni 7 təbii möcüzəsini müəyyənləşdirmək üçün dünya üzrə keçirilən səsvermə nəticəsində 28 finalçı bəlli olub. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, isveçrəli macərapərəst Bernard Veberin rəhbərlik etdiyi “New 7 Wonders” «7 yeni möcüzə») təşkilatı, Amazon yağış meşələri, Ölü dəniz, Kilimancaro dağı və Ekvadordakı Qalapaqos adalarının da olduğu 28 təbii gözəlliyin finala qaldığını bəyan edib.
   Səsvermə nəticəsində dünya üzrə 261 təbii gözəlliyin düşdüyü siyahıdan mütəxəssislərdən təşkil olunmuş münsiflər heyəti ilk seçmədə 77 namizəd arasından 28-i siyahıda qalıb.
   Finala çıxan möcüzələr, coğrafi şəraiti, fərqliliyi və insan həyatındakı əhəmiyyəti kimi meyarlar əsas götürülməklə müəyyənləşdirilib.
   Finala qalan yerlər arasında Azərbaycanın palçıq vulkanları, Livandakı Jeita Grotto mağarası, İrlandiyadakı Moher uçurumu və Almaniyanın quru meşələri də var.
   Səsvermə İnternet və telefon vasitəsilə keçirilir, nəticəsi 2011-ci ildə açıqlanacaq.
   Yeni 7 təbiət möcüzəsinin müəyyən edilməsində 1 milyarddan artıq adamın iştirak edəcəyi bildirilir.
   Qeyd edək ki, 2007-ci ildə keçirilən və təxminən 100 milyon adamın qatıldığı səsvermə nəticəsində dünyanın insan əməyinin məhsulu olan 7 möcüzəsi olaraq İtaliyadakı Kolizey, Çin səddi, Tac- Mahal, İordaniyadakı Petra antik şəhəri, Braziliyadakı Həzrəti İsa heykəli, Perudakı Maçu Piççu antik şəhəri və Meksikadakı Çiçen İtsa piramidası seçilmişdi.