Noyabrın 8-i tariximizə qızıl hərflərlə yazıldı. Həmin gün gözəl Qarabağımızın baş tacı, mədəniyyət beşiyimiz olan Şuşaya qovuşduq. Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin qalibiyyətlə başa çatmasında həlledici rol oynadı.

Şuşalıların 28 illik yurd həsrətinə son qoyuldu. Qələbə xəbərinə sevinən Şuşa sakini Ziyadxan Abutalıbov ürək sözlərini bizimlə bölüşdü: “Çox sevincliyəm. Şükürlər olsun ki, məcburi köçkün statusu üzərimizdən götürüldü. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın, eləcə də Qafqazın incisi olan Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 ildir həsrətlə bu günü gözləyən xalqımıza, ailəmizə sonsuz qürur hissi yaşatdı”.

Ziyadxan Abutalıbov 1992-ci ilin fevral ayında ailəsi ilə birlikdə Şuşanı tərk edərək Tərtər rayonuna gəlib. Ailə üzvlərini burada yerbəyer etdikdən sonra özü Şuşaya qayıdaraq könüllü olaraq döyüşlərə qatılıb. Müsahibim qeyd etdi ki, Vətən müharibəsinin ilk günündən etibarən qüdrətli Ordumuzun zəfər qazanacağına inamı tam olub: “44 gün ərzində qorxubilməz əsgərlərimiz döyüş meydanında göstərdi ki, Azərbaycan xalqı nəyə qadirdir.

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti var. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 8 noyabr tarixi “Zəfər Günü” elan olundu. Hər il bu əlamətdar tarix təntənəli şəkildə qeyd ediləcək”.

Həmsöhbətim söylədi ki, artıq 24 ilə yaxındır ki, Bakı şəhərində yaşayır. Lakin Şuşanı bir gün belə olsun unutmayıb: “Gəncliyim Cıdır düzündə at belində keçib. Oranın hər cığırını əzbər bilirəm. Sevinirəm ki, yenidən o yerləri görə biləcəyəm. Ən böyük arzum Şuşanın Gövhər ağa məscidində namaz qılmaqdır”.

***

Dekabrın 1-də əzəli yurd yerimiz olan Laçın rayonu erməni işğalından azad olundu. Bu xəbəri 28 ildir doğma yurdlarından didərgin düşən laçınlılar böyük sevinclə qarşıladılar. Onlardan biri də Laçın rayonunun Minkənd kəndindən olan Barat Əsədullayevdir. Hazırda Sumqayıt şəhərində məskunlaşan Barat Əsədullayev 1992-ci ilin may ayında ailə üzvləri ilə birlikdə doğma yurdlarından didərgin düşüb.

O, Laçının azad olunması xəbərini sevinc göz yaşlarıyla qarşılayıb: “Uzun illərdir bu xəbəri gözləyirdik. 28 ildən sonra rayonumuz erməni qəsbkarlarından azad edildi və Laçında bayrağımız ucaldıldı. Hər birimiz yaxşı bilirik ki, işğalçı Ermənistan ordusunun Laçını tərk etməsinə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və Ordumuzun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb oldu. Prezidentimizin uzaqgörən, düzgün strategiyası sayəsində Laçını bir güllə atmadan azad etdik”.

Həmsöhbətim bildirdi ki, indi ən böyük arzusu övladlarının doğma yurdlarında xoşbəxt həyat sürməsidir: “Bu arzumun reallaşması uğrunda yüzlərlə Vətən oğlu şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar Vətən yolunda canlarını fəda etdilər. Azərbaycan xalqı hər zaman onların xatirəsini uca tutacaq”.

NURƏDDİN