Türkiyədə dincəlmək reallıq, Azərbaycanda isə arzudur
Hər il istirahət mövsümü başlayanda insanları düşündürən ən ümdə suallardan biri də «harada, necə istirahət etmək olar»dı. Hər il dəyişən qiymətlər, məkanlar da istər-istəməz bu sual ətrafında düşünməyi tələb edir. Bir tərəfdən də televiziya və radio efirlərində qulaq deşən reklamlar… İlbəil statistikalar da, istirahət imkanları da, şərait də fərqli olur. Amma vətəndaşı ən az maraqlandıran da o məlum-məchul statistikadır. Çünki onlar reallıqla az uyğun gəlir. İstirahət mövsümünün qızğın vaxtı olduğunu nəzərə alıb, oxucularımız üçün qısa araşdırma apardıq. Görəsən, orta statistik azərbaycanlı yayın bu cırhacırından qurtulub, ölkənin daxilindəki və xaricindəki hansı istirahət guşələrində dincələ bilər?
Cənub zonasına “Uzunömürlülər marşrutu” 20-30 manatdır
Öncə yerli turizm şirkətlərinin təqdim etdiyi xidmət və qiymətlər barədə. Bilirik ki, oxucunu quru statistika çox az maraqlandırır. Odur ki, biz də əhali kimi realist olaraq ancaq istirahət imkanları, tariflər və müqayisələrə üstünlük verdik. Şirkətlər arasında apardığımız sorğu zamanı məlum oldu ki, əksəriyyəti Azərbaycanın yox, Türkiyənin istirahət zonaları ilə əməkdaşlıqda maraqlıdır. Çünki həm yerli istirahət guşələri çox bahadır, həm də vətəndaşlar ora getməkçün çox vaxt şirkətlərin xidmətinə baş vurmur - yolu əlinə alıb, rayonlara, ardınca isə uyğun istirahət guşəsinə yola düşürlər. Ümumi araşdırmalarımız müəyyən etdi ki, Nabran, Quba, Qax, Şəki, Altıağac, Qalaaltı, Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Yardımlı, Lənkəran, Lerikdə yerləşən istirahət zonaları son illər xeyli populyarlaşıb. Sözügedən rayonlardakı istirahət zonalarında bir nəfərin birgünlük istirahəti 20-30 manata başa gəlir. Qiymət fərqi turistin qalacağı mehmanxanadan (ulduzların sayından), yeməkdən, eləcə də əyləncə şəraitindən asılıdır.
Turizm şirkətlərindən öyrəndiyimiz məlumata görə, istirahət üçün bu məkanı seçən əcnəbilər çox azdır. “Millenium” turizm şirkətindən öyrəndik ki, xarici turistlər Azərbaycanda mövcud olan 8 turizm zonasına - Bakı-Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan, Gəncəbasar, Qarabağ və Naxçıvana aparılırlar. Cənub zonasına “Uzunömürlülər marşrutu” layihəsi işlənərək turistlər cəlb edilib. Bölgədə yüzdən artıq insan bir əsrdən artıq yaşayıb. 95-100 yaş arasında olan şəxslərin sayı isə təxminən 500 nəfərdir. Uzunömürlü şəxslər də turistlər üçün maraq kəsb edir. Xarici vətəndaşlar bir əsrdən artıq yaşayan həmin şəxslərlə təmasda olmağa maraq göstərir. Bölgəyə təşkil edilən turlar zamanı MDB ölkələri, Şərqi Avropa və Almaniya, Türkiyə, İran, Çin və Yaponiyadan turistlər cəlb edilir. Gələn xarici turistlər isə daha çox Gəncəbasar və Lənkəran-Astara zonasına getməyə üstünlük verirlər.
Büdcə təşkilatı işçiləri isə istirahət üçün həmkarlar ittifaqının təklif etdiyi güzəştli putyovkalardan istifadə edir. Məsələn, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Geofizik” və “Nabran” istirahət zonalarında 1 nəfərin 1 gün ərzində istirahəti üçün 44 manat lazımdır. Amma istirahət zonasında putyovka ilə dincələnlər bu məbləğin 15 faizini ödəyirlər.
Nabranda 7 günlük istirahət 1000-1500 manat arasındadır
Təbiətinə və «populyar»lığına görə fərqlənən Nabrandakı istirahət mərkəzlərində 2 nəfərin birotaqlı kottecdə gecələməsi üçün 90-100 manat tələb olunur. Bu məbləğə bütün əyləncələr daxildir: “Aqua Park”dakı istirahətdən başqa. Əgər ürəyiniz gündə 3 dəfə yemək istəsə, adambaşına əlavə 20 manat pul ödəyirsiniz. Uzun sözün qısası, bəzi istirahət mərkəzlərinin bir günü 120-140 manata (ən yaxşı halda) başa gəlir. Deməli, 7 günlük istirahət üçün yol xərcini və sair əyləncəni də nəzərə alsaq, minimum 1200 manat ödəmək lazımdır.
Amma bu, şükürlü qiymətdir. Nabranda yay mövsümü istifadəyə verilən “Caspian sea” istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün 1 günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır.
Zağulbada dənizin yaxınlığında yerləşən istirahət mərkəzlərində isə komfortu ilə fərqlənməyən birotaqlı kottecin birgünlük kirayəsi 40 manat dəyərindədir. Amma kondisionerli, televizorlu, birotaqlı kottec 50 manatdır. İşdir, siz ikiotaqlı kottec arzusundasınızsa, bununçün 60 manat ödəməlisiniz. Burada təkcə səhər yeməyini pulsuz verirlər. Amma nahar və şam turistə “endirimli” taariflərlə başa gəlir.
Rayonlara ucuz turlar 15 manatdan başlayır
Tutaq ki, uzunsürəli istirahət üçün vaxt və pulunuz yetərli deyil. Bununçün bəzi şirkətlər insanlara bir-iki günlük istirahət turları təklif edir. turizm.az saytında həmin təkliflər gen-bol yerləşdirilib. Biz onların içindən ən diqqətçəkənlərini nəzərinizə çatdırırıq. Beləliklə, ən yaxın vaxtda - avqustun 2-də gerçəkləşəcək Bakı-Qəbələ turundan başlayaq. Bu turun qiyməti 16 AZN-di (Ən ucuz tur bu sayılır). İstirahət qrafiki isə aşağıdakı kimidir:
07:00-11:00 Bakı-Qəbələ yolu
Tənəffüs ( 10-15 dəqiqə )
Avtobusda qəlyanaltı
11:00 Qəbələ şəhərində qarşılanma.
11:00-13:00 “SAHIL” Ailəvi İstirahət Mərkəzində yerləşmə. Çay süfrəsi. Asudə vaxt
13:00-14:30 “SAHIL” Ailəvi İstirahət Mərkəzində nahar üçün vaxt
14:30-15:30 Nohur Göl ilə tanışlıq. Meşə ilə əhatə olunmuş Nohur Göl ətrafı gəzinti. Burada hətta siz göldə qayıqla üzüb istirahət edə bilərsiniz.
15:30-17:00 “Yeddi Gözəl” Şəlaləsi
18:00-22:00 Qəbələ - Bakı yolu
Qiymətə daxildir: Komfortlu avtobus (Kondisioner, musiqi flaşkard dəstəyi ilə, player), avtobusda qəlyanaltı (su və şirniyyat), çay süfrələri və bələdçi. Yəni gündə 3 dəfə yemək istəyənlər bununçün əlavə pul ödəməlidir.
İkigünlük Bakı-Quba turu isə 30 manata başa gəlir. Maraqlananlar sözügedən saytda daha fərqli istirahət turları ilə tanış ola bilər.
Antalyada 7 günlük istirahət cəmi 676 AZN!
Dünya turizminin qəlbinin döyündüyü məkanlar sırasında Türkiyə özünəməxsusluğu ilə seçilir. Özəlliklə də Antalya, Bodrum, Bələk, Kəmər, Alanya ərazisində yerləşən saysız-hesabsız hotellərlə yerli şirkətlərimizin əməkdaşlığı sayəsində əhali ora ayaq açmağa başlayıb.
Əslində istirahət üçün bu məkanları seçənlər də haqlıdırlar. Yenə də müqayisə üçün www.turizm.az saytına müraciət etdik və nəticəni oxucularla da paylaşırıq. Beləliklə, Türkiyənin Kəmər vilayətindəki üçulduzlu «Erkal Resort» hotelində 7 gün/6 gecə istirahət etməyin məbləği 627 AZN-dir. Bura təyyarə biletləri, gündə üç dəfə yemək, hər cür əyləncədən istifadə etmək, üstəlik, maşınını və özünü qaldığın müddətdə sığorta da daxildir. Bu şərtlər daxilində 4 ulduzlu «Sea Gull»də 7 gün üçün 797 AZN, 5 ulduzlu «Asdem Beach»da 880 AZN, Antalyadakı 4 ulduzlu «Grand Beauty»da 676 AZN ödəmək kifayətdir.
“Millenium” turizm şirkətindən aldığımız məlumata görə, onların ən ucuz istirahət seçimi Antalyadakı 3 ulduzlu «İdyros» hotelidir. Burda 7 gün/6 gecə istirahət etməyin məbləği 111 manatdır. Təbii ki, bura təyyarə və ya avtobus biletinin qiyməti daxil deyil. Bu haqda az sonra. Şirkətin təqdim etdiyi daha yüksək servis və bir qədər bahalı hotellər isə aşağıdakılardır:
3 Adonis Hotel Kəmər - 150 AZN
4 Astoria Hotel& SPA -250 AZN
5 Fame Rusidanse Kemer -350 AZN
4 Larissa Blue- 140 AZN
5 Kəmər Reash- 300 AZN
3 Sekifbey Hotel - 130 AZN
4 Magik Hotel - 150 AZN
5 Alatimya Villace - 350 AZN
Amma təyyarə biletini də nəzərə alsaq - pulun böyük hissəsi buna sərf olunur - qiymətlər avtomatik dəyişəcək. Məsələn, 7 günlük istirahəti 111 manata başa gələn hotelə gedib geri qayıtmaq üçün ümumi 430 manat ödəmək lazım gəlir. Yox, əgər Antalyaya birbaşa deyil, İstanbul vasitəsilə getmək istəsəniz, bu, 350 manat olacaq.
Təyyarə fobiyası olanlarsa bu səfərləri avtobus turu vasitəsilə gerçəkləşdirə bilərlər. Ən minimal tarifdən başlayaq. Tutaq ki, 3 ulduzlu hoteldə istirahət etmək istəyən şəxs bunu avtobus turu vasitəsilə həyata keçirməkçün 399 manat ödəməlidir. Hotel, kruiz qiymətləri də bura daxildir. Uşaqlarçünsə bu qiymət yarı-yarıdır.
Təbii ki, çox vaxt əhalinin ulduzların sayına aldanmasıyla yanaşı, bu faktora heç bir əhəmiyyət vermədiyi vaxtlar da olur. Turizm şirkətlərindən öyrəndiyimizə görə, ulduzların sayına hotelin böyüklüyü, ordakı atraksionlar, yeməklərin növü, spirtli içkilərin çeşidliliyi, uşaqlar üçün əyləncə məkanlarının, habelə hovuzların sayı əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, bəzi üçulduzlu hotellərdə gündə cəmi 2 dəfə yemək verilir, bəzi otaqlarında kondisioner əvəzinə sərinkeş olur, isti-soyuq su müəyyən qrafiklə verilir və s.
Avqustda istirahət etmək baha başa gəlir
Heç kəsə sirr deyil ki, insanların əksəriyyəti istirahətini yayın ən isti ayına - avqusta salır. Bu isə turizm, habelə hava yolları şirkətləri üçün əlavə qazanc imkanları yaradır. Nəticədə iyun-iyul aylarında istirahətlə avqustdakı istirahət arasında minimum 200-250 manat fərq olur. Məsələn, avqustda birbaşa Antalyaya getməkçün təyyarə biletinə 550 manat ödəmək lazımdır. Bu pul istirahət məsrəfinin əsas hissəsini təşkil edir. Bundan başqa, Türkiyədəki hotellərdə avqust ayında sıxlıq olur. Bununla yanaşı, əksər hotellər maraqlı proqramlarını, atraksionlarını, turlarını avqusta saxlayır, habelə həmin aya maksimum hazırlıq görürlər.
Fəxriyyə ABDULLAYEVA