Rayonu ildə 17 min turist ziyarət edir
Azərbaycanın bölgələrində mövcud olan turizm potensialı ilk növbədə regionlarımızın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, paytaxtdan regionlara gedən yolların bərpası nəinki xarici turistlərin, eyni zamanda yerli insanlarımızın da öz istirahətlərini bölgələrimizdə keçirməsinə maraqlarını artırır. Hazırda turizm mövsümünün qızğın dövrüdür. Bu səbəbdən də Azərbaycanın turizm üçün əlverişli olan rayonları ilə bağlı bilgilərimizi oxucularımızla bölüşməyi qərara aldıq.
Mineral su bulaqları rayonun əsas sərvətidir
Masallı rayonu Azərbaycan paytaxtından cənuba, İrana doğru gedən magistral yolun üzərində yerləşir. 192.895 nəfər əhalisi olan rayonun mərkəzi Masallı şəhəridir. Rayon bir tərəfdən Xəzər dənizi sahilləri, digər tərəfdənsə Talış dağları ilə sərhəddir ki, bu da Masallının geniş turizm potensialının olması deməkdir. Başqa bir tərəfdən isə ərazinin relyefinin müxtəlifliyi - dağlar və düzənliklər (Lənkəran ovalığı), burada iqlimin də xeyli dəyişkən olmasını şərtləndirir. Belə ki, rayonun iqlimi yayda quraqlıq, mülayim isti havalarla, həmçinin subtropik iqlimə xas olan cizgilərlə əlamətdardır. Rayon ərazisindən axan Viləş, Alvadiçay və Tatyan çayları Xəzər dənizinə tökülür.
Masallı rayonu mineral su bulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, buz kimi soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər var.
Rayonda XVI əsrə aid abidələr var
Masallı şəhəri Bakıdan 230 km aralıda yerləşir. Deyilənə görə, vaxtilə bu yerlərdə "masal" adlı bir qəbilə yaşayırmış. Sonralar xalqın yaddaşında həkk olmuş bu ad şəhərin müasir adını şərtləndirib. Masallının həndəvərində meşədə kiçik mənzərəli bir göl var. Bura həm yerli sakinlərin, həm də şəhərin qonaqlarının sevimli istirahət yeridir.
Masallı şəhərinin ərazisində mövcud tarix-memarlıq abidələri XIX əsrdə tikilmiş məscid, qədim hamam, Ərkivan qülləsi və Diyarşünaslıq muzeyinin binası ilə təmsil edilir. Digan və Boradigan kəndlərindəki XVI əsrə aid məscidlər, Seyid Sadıq məqbərəsi də maraqlı abidələrdir. Ənənəvi xalq sənəti məmulatları (həsir, baş yaylıqları, dulusçuluq və ağac məmulatları, xalçalar, corablar) Musaküçə, Türkoba, Qəriblər, Kolatan, Sığdaş və başqa kəndlərdə hazırlanır.
Qızılağac qoruğunda 248 növ quş və 54 növ balıq qorunur
Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində (Qızılağac körfəzi) Qızılağac qoruğu yerləşir. Bu qoruğun ərazisi körfəzin bütün akvatoriyasını, eləcə də yaxınlıqdakı quru sahələrini əhatə edir. Qoruq 1929-cu ildə su-bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması, köçəri quşların qışlama yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə yaradılıb. Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var.
Masallıda 21 turist obyekti fəaliyyət göstərir
Masallı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın səfalı və füsunkar guşələrindən biridir. Yuxarıda qeyd etdiyimiz kimi, rayonun bir tərəfi qədim Talış dağları və meşələri ilə, bir tərəfi Xəzər dənizi ilə əhatə olunub. Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmin yaradır. Hələ yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar müalicə məqsədilə Masallının yerin altından çıxan qaynar suyundan istifadə ediblər.
Turizm zonası yaradılması üçün əlverişli təbii şəraitə malik rayon beynəlxalq standartlara cavab verən turist xidməti göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir.
Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Adil Heydərovdan aldığımız məlumata görə, rayonda 26 turizm obyekti var ki, hazırda bunlardan 21-i fəaliyyət göstərir. Rayonun Ərkivan kəndində yerləşən "Dəstvənd" ən çox turist qəbul edən hotellərdəndir. Buranın bütün otaqları Avropa üslubunda təmir edilib. Hoteldə konfrans-zal, restoran və bar, sauna, süni göldə qayıq sürmə və hovuz, mini zoopark, 5 yeni müasir kottec, müasir standartlara cavab verən sadə idman qurğuları var.
"Türkan" istirahət sanatoriya kompleksi Qəriblər kəndi ərazisində yerləşir. Bu istirahət mərkəzi də beynəlxalq standartlara uyğun təmir olunub. Sanatoriyada restoran var. H.Əliyev adına "Viləşçay" su dəryaçasına qayıqla səyahət, atçılıq, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq üçün şərait var.
"Rasim" hoteli rayonun Qəriblər ərazisində Viləş çayının sahillərində yerləşir. Bu hotel də beynəlxalq standartlara uyğun təmir olunmuş, sauna və restoranı var.
Bir çox xəstəliklərin dərmanı «İstisu»dadır
"İstisu" sanatoriyası Talış meşələri ərazisində Viləş çayının sahillərində yerləşir. Kükürdlü çeşmələr hesabına, tərkibinə görə sonsuzluq, dəri-zöhrəvi, yel xəstəliklərinin müalicəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhəmiyyətli vannalar, gəzintilər, kafe-bar, restoran, park, sadə idman qurğuları, ticarət və iaşə meydançaları var. Qeyd edək ki, insanlar həmin istirahət mərkəzinə təkcə müalicə məqsədilə deyil, həm də dincəlməyə gəlirlər. Termal su şəlaləsi və asma körpü bu yerlərə xüsusi gözəllik verir. Çox populyar müalicəvi mineral su olan İstisu eyni zamanda qablaşdırılaraq ölkəmizin apteklərində satılır.
"Nil bağı" Talış meşələrində yerləşir. Bu hotel də Avropa standartlarına uyğun təmir olunub. Sanatoriyada kafe, bar, hovuz, kotteclər və sadə idman qurğuları var. Bunlardan başqa, Talış meşələrində 15-ə yaxın turizm-istirahət obyektləri fəaliyyət göstərir.
Rayona gələn turistlərin sayı durmadan artır
A.Heydərovun dediyinə görə, rayonda fəaliyyət göstərən 26 turizm-istirahət mərkəzi və sağlamlıq ocaqlarından 20-si Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya alıb. Digər 6 turizm obyektinin sənədləri isə nazirliyə təqdim edilib. Talış dağları və Xəzər dənizi ilə əhatə olunan Masallı rayonunda kiçik göllərin, şəlalələrin və müalicəvi bulaqların olması buraya gələn turistlərin sayını ildən-ilə artırır.
Təkcə onu qeyd etmək kifayətdir ki, 2008-ci ildə rayona 17 minədək turist gəlib ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Bu ilin aprel, may və iyun aylarında isə rayonun istirahət mərkəzlərində 2109-u yerli, 203 nəfəri xarici turist olmaqla, 2212 insan dincəlib.
A.Heydərov Masallıda turizm sahəsinin mövsümi xarakterli olmadığını bildirir. Belə ki, rayona turistlər təkcə yayda deyil, qış aylarında da gəlir. Buna müvafiq olaraq da buradakı hotellərin şəraiti qışda da qonaq qarşılamağa uyğunlaşdırılıb. Adil müəllim onu da deyir ki, bu ilin yanvar, fevral və mart aylarında Masallını 2115 nəfər turist ziyarət edib. Bunun 2018-i yerli, 97 nəfəri isə xarici ölkə vətəndaşı olub.
Qeyd edək ki, rayonun turizm və istirahət obyektlərində turistlərə təklif edilən qiymətlər də münasibdir. İki nəfərlik kottecin bir sutkalıq qiyməti 20-40 manatdır.
Masallıda istirahət edən turistlər üçün rayonun görməli yerlərinə, tarix və mədəniyyət abidələrinə səyahətlər, təbiət qoynunda isə müxtəlif gəzintilər təşkil edilir. Milli kulinariyanın ən çox tanınmış çeşidləri ilə gələn qonaqlara yüksək iaşə servis xidməti göstərilir.
Milli -mənəvi dəyərlərimizin daşıyıcıları olan el sənəti nümunələrindən ibarət satış yarmarkaları, müxtəlif bədii-əyləncəli proqramlar onların xidmətindədir.
Fəxriyyə ABDULLAYEVA