Oktyabrın 22-də Mədəniyyət və İncəsənət Universitetində yazıçı-publisist Mustafa Çəmənli ilə görüş keçirildi. “Sənətşünaslıq” fakültəsinin dekanı Vəfa Əliyev tədbiri giriş sözü ilə açaraq, Mustafa Çəmənli yaradıcılığından danışdı. “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, yazıçı-dramaturq Aqşin Babayev çıxışında bildirdi ki, Mustafa Çəmənli yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Onun əsərləri Azərbaycan gəncləri üçün tükənməz ruh mənbəyidir: “Mustafa Çəmənli təkcə qələmi ilə deyil, həm də mənəvi səviyyəsi, şəxsiyyəti ilə xalqımızda vətənpərvərlik hissləri oyadır. O, dəfələrlə döyüş bölgələrində, səngərlərdə olmaqla bunu bir daha sübut edib”.
Tədbirdə iştirak edən dramaturq Əli Əmirli də yazıçı həmkarının yaradıcılığının məziyyətlərindən, ədəbi nailiyyətlərindən danışdı, Mustafa Çəmənlinin gözəl nasir və publisist olduğunu bildirdi. Jurnalist Tahir Aydınoğlu isə çıxışında Mustafa Çəmənlinin könlünü sözə, musiqiyə vermiş yazar, eyni zamanda, Azərbaycanın peşəkar jurnalistikasının görkəmli nümayəndəsi olduğunu diqqətə çatdırdı.
Tədbirdə iştirak edən yazıçı-publisist İntiqam Mehdizadə, rəssam Natiq Ağayev, professor Həsən Quliyev, teatrşünas Atababa İsmayıloğlu və digər qonaqlar Mustafa Çəmənlinin yaradıcılığından söz açaraq onun “Xallı gürzə”, “Fred Asif”, “Mübariz” kitablarının əsl vətənpərvərlik salnaməsi olduğunu vurğuladılar.
Görüşün sonunda Mustafa Çəmənli ədəbi fəaliyyəti, bu günə qədər qələmə aldığı əsərləri və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Mübariz” povesti ilə bağlı tələbələrin suallarını cavablandırdı.
Ceyhun