İtaliyadan gətirilən xalçaların təqdimatı və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi

Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində İtaliyanın Sartirano yarmarkasında satın alınaraq Vətənə gətirilən xalçaların təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tədbiri giriş sözü ilə açaraq işğal altındakı torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə iştirakçılara təbriklərini çatdırdı.

Təqdimatı keçirilən xalçalar haqqında məlumat verən Anar Kərimov bildirdi ki, İtaliyanın Sartirano yarmarkasında satışa çıxarılan XVII-XIX əsrlərə aid, elmi, bədii, tarixi və muzey əhəmiyyəti kəsb edən 3 ədəd unikal Azərbaycan xalçası Mədəniyyət Nazirliyi tərəfindən alınaraq ölkəmizə gətirilib.

Anar Kərimov diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması ilə yanaşı, dünyanın məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici hərrac və auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq ölkəmizə gətirilməsi istiqamətində də mühüm işlər görülür. Bu məsələ ölkə başçısının 28 fevral 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndində əksini tapıb. Dövlət Proqramında yüksək keyfiyyətli, bədii əhəmiyyətli, həmçinin nadir xalçaların satın alınması ilə tədbirlərin görülməsi nəzərdə tutulub: “Bu xalçaların alınması xüsusilə böyük əhəmiyyət kəsb edirdi. Əzəli Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edildiyi bu tarixi dövrdə məhz Qarabağ xalçalarının öz vətəninə qaytarılması tariximiz və mədəniyyətimiz üçün mühüm hadisədir”.

Qeyd olundu ki, Sartirano yarmarkasında satın alınan “Çələbi” xalçası Qarabağın ən məşhur xalça nümunələrindən biridir və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edilir. İtaliyadan gətirilən “Quba” xalçası Milli Xalça Muzeyinə, Qarabağ xalça qrupuna aid olan digər orijinal xalça isə Azərbaycan Milli İncəsənət Muzeyinə təhvil veriləcək.

Anar Kərimov daha sonra Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi haqqında tədbir iştirakçılarına məlumat verdi. Qeyd etdi ki, əlamətdar yubileyin məhz Vətən müharibəsində zəfər çaldığımız bu ilə təsadüf etməsi ikiqat sevincdir.

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbasov muzeyin yaranma tarixi barədə danışdı. Onu da diqqətə çatdırdı ki, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı eksponatlarının böyük əksəriyyəti xilas edilən yeganə muzeydir. Ümumilikdə o dövr üçün mövcud 17 mindən çox eksponatın təxminən 16 mini xilas edilib. Həmin eksponatlar Azərbaycan Milli İstiqlal Muzeyində yerləşdirilib.

Mərasimdə o da bildirildi ki, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illiyi münasibətilə və muzeyin əməkdaşlarının fəaliyyəti, əldə etdikləri nailiyyətlər, daima muzeyin kolleksiyalarının zənginləşdirilməsi istiqamətində çalışmaları  nəzərə alınaraq, kollektivin bütün üzvləri Mədəniyyət Nazirliyi tərəfindən pul mükafatı və fəxri fərmanla təltif edilib.

Muzeyin 40 illiyinə həsr olunan videoçarx nümayiş etdirildikdən sonra yubiley münasibətilə hazırlanan sərgiyə baxış oldu. Qeyd edək ki, sərgini virtual formatda museum.az saytı üzərindən izləmək mümkündür.

NURƏDDİN