Gənclər üçün Təhsil Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində “Xarı bülbül – Qarabağın sirli möcüzəsini tanıdaq” adlı rəsm və yazı müsabiqələri başa çatıb. Bununla əlaqədar Ağcabədi rayonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova Vətən müharibəsindən sonra belə bir müsabiqənin keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, gənclərimiz Qarabağın sirli möcüzəsini tanımalıdır. Onlayn platformalar vasitəsilə keçirilən hər iki müsabiqəyə gənclər böyük maraq göstərib.
Sonra münsiflərin rəyləri əsasında müsabiqələrin qalibləri elan olunub. Yazı müsabiqəsi üzrə Şakirə Səfərzadə, Fidan Allahverdiyeva və Aysu Məmmədzadə, rəsm müsabiqəsi üzrə Aysel Əmrahova, Şəbnəm İbadova və Tahirə İsmayılova ilk üç yerin qalibi seçilib. Onlara diplom, kubok və hədiyyələr təqdim olunub. Bundan başqa, beş iştirakçı həvəsləndirici mükafatlara layiq görülüb.