Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli maarifpərvər, yazıçı-dramaturq, ictimai-siyasi xadim Nəriman Nərimanovun (1870-1925) 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətində Dağlıq Qarabağ problemi” mövzusunda məruzəsi dinlənilib. O, hələ 1920-ci illərdə sovet rejiminin ortaya atdığı Dağlıq Qarabağ məsələsinə qarşı dövlət xadiminin kəskin mövqeyi, çıxışları barədə məlumatları diqqətə çatdırıb.
Elmi sessiyada muzeyin doktorantı, Mədəni irs və mənbəşünaslıq şöbəsinin kiçik elmi işçisi Gülsəba Həsənova “Nəriman Nərimanovun obrazı Nizami muzeyinin təsviri sənət nümunələrində” mövzusunda məruzə ilə çıxış edib. O, muzeyin ekspozisiyasını zənginləşdirən və SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin fırçasına məxsus olan Nəriman Nərimanovun portreti, o cümlədən heykəltəraşlıq nümunələri haqqında ətraflı məlumat verib.
Bildirib ki, Nərimanov obrazına bir çox rəssam və heykəltəraşlar müraciət edib. Onun Bakı şəhərində ucaldılan ilk əzəmətli heykəli 1972-ci ildə görkəmli heykəltəraş, Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən hazırlanıb.