Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayında elan olunan “Vətənim Azərbaycan” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.

Müsabiqəyə 3 yaş qrupu üzrə (12 yaşa qədər, 12-17 yaş və 17-21 yaş) respublikamızın müxtəlif şəhər və rayonlarından 1000-ə yaxın uşaq və yeniyetmə qatılıb. Seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

“Könüllülər ili” çərçivəsində keçirilən müsabiqənin məqsədi Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsinin qazi və şəhidlərinin qəhrəmanlığını rəsm əsərlərində tərənnüm etmək, yeniyetmə və gənc rəssamların bacarıqlarını inkişaf etdirməkdir.