Dünyanın ən bahalı istirahət zonaları hansılardır?
  
   Yay son günlərini yaşamaqdadır. İstirahət edənlər artıq edib, etməyənlər isə öz imkanları daxilində nə isə planlaşdırır. Amma «həyat bir günlük kefdən ibarətdir» düşüncəsi ilə sutkalıq istirahətə milyonlar xərcləyənlər də var ki, onlar üçün «imkan daxilində» anlayışı yoxdur. Sadəcə, istəyirlər və elə həmin gün də dünyanın nə məşhur istirahət məkanları ixtiyarlarındadır.
   Bu yaxınlarda Amerikanın məşhur «Forbes» jurnalı dünyanın ən bahalı və eksklüziv istirahət zonalarının siyahısını açıqlayıb. Məlum olub ki, siyahıdakılar dünyanın ən varlı insanları üçün nəzərdə tutulub. Dünyanın ən bahalı istirahət zonasına Britaniyadakı Virjin adaları liderlik edir. Milyoner Riçard Brenson bu adanı 1982-ci ildə özəlləşdirərək, oranı ailəsi üçün istirahət zonasına çevirib. Adada cəmi 4 villa və bər-bəzəkli bağlar var. Brenson ailəsi orada olmayanda istirahət zonası icarəyə verilir. Bir gecəlik istirahətin məbləği 30 min dollardan başlayır. Bu məbləğə istənilən növ yemək, içki, sörfinq, qayıqda gəzinti, müxtəlif xidmətlər, habelə fasiləsiz internet və sair daxildir.
   Baham adalarındakı "Muşa Çay" adlı istirahət zonasında isə nisbətən «ucuzluqdur». Bu, ağ qumlu çimərlikləri, tərtəmiz okean suyu olan bir adadır. Burada ən çoxu 24 nəfər istirahət edə bilər. Bir gecəlik istirahət isə 24.750 dollardır. Bu məbləğə yemək, içki (söhbət bahalı spirtli içkilərdən gedir) daxildir. Amma təyyarə bileti və telefon danışıqlarının qiymətini istirahət edənlər özləri ödəməlidir. Minimum istirahət müddəti isə üç gündür.
   Mayamidəki "Kasa Kontenta" adlı istirahət zonasının isə qiyməti 20 milyon dollardır və «Villazzo» kompaniyasına məxsusdur. Buranın iri hovuzu və dünyanın müxtəlif ölkələrinin üslubunda hazırlanmış otaqları var. Yayın ölü günlərində qiymətlər 11.600 dollardan başlayır. İyulun sonu, avqustun əvvəllərində isə bir gecəlik istirahət üçün varlılar 17.700 dollar ödəməli olur. Minimum istirahət müddəti burada da üç gündür. Bu məbləğə aşpazın xidmətləri, personal xidmətlər, dayə, massajist, habelə tətilçiləri aeroportdan gətirəcək limuzinin haqqı da daxildir.
   Maldiv adalarındakı "Rania Experience" adlı istirahət zonası isə Hind okeanında yerləşir. Orada bir gecə dincəlmək 9.500 dollara başa gəlir. Bu qiymətə 30 metr uzunluğu olan yaxtada gəzinti, şəxsi aşpazın xidmətləri, balıq tutmaq və ekskursiya daxildir. Kurort eyni vaxtda cəmi 9 nəfəri qəbul edə bilər. Əgər siz istirahətə iki nəfər olaraq gedirsinizsə, hər biriniz 9.500 dollar, özünüzlə əlavə qonaqlar aparırsınızsa, onların hər biri üçün 500 dollar ödəməlisiniz.
   Barbadosdakı "Sandy Lanenin" isə sahəsi cəmi-cümlətani(?!) 730 kvadratmetrdir. Bu, Karib dənizində ən möhtəşəm kurort zonası sayılır. Burada romantik stildə olan spa salonu və iri qolf meydançası var. Otaqların bir gecəlik məbləği 8.000 dollardan başlayır. Amma mövsümün qızğın günlərində bu məbləğ 25.000 dollara qədər artır.
   İngiltərədəki Karib dənizinin sahilində yerləşən "Altamer" istirahət zonasında bir həftəlik istirahət üçün varlılar 80.000 dollar «tərləyir». Burada minimal istirahət müddəti isə 2 həftədir. Burada bir gecəlik istirahət 4.714 dollardır. 1400 kvadratmetr sahəsi olan villanın kinoteatrı, hovuzu, bir neçə cakkuzisi və səkkiz yataq otağı var.
   Bir az ucuzlara keçək. İslandiyadakı Seyşel adalarındakı ən məşhur istirahət zonası isə "Fregate İsland" sayılır. Bu, uşaqlı ailələr üçün ideal istirahət mərkəzidir. Sahildəki 16 villada 400-ə qədər qonaq qala bilər. Ölü mövsümdə bir gecəlik qiymətlər 2450 dollardan başlayır və minimum 3 günlük sifariş qəbul edilir. Mövsümün qızğın günlərində isə qiymətlər 2.700 dollara qalxır və minimum istirahət müddəti bir həftədən az olmur. Bu məbləğə üç dəfəlik yemək, içki, şəxsi qolfavtomobil, eləcə də su idman növləri ilə məşğuliyyət daxildir.
   Fici adasındakı "Turtl İsland" adlı istirahət zonası isə eyni vaxtda 14 qonağı qəbul edə bilər. Qiymətlər 1632 dollardan 2390 dollara qədər dəyişir. Bu qiymətə yemək və içki, balıq tutmaq, habelə çimərlikdə personal pikniklərin təşkili də daxildir.
   Ficidəki bir başqa kurortda isə insanları ayaqyalın gəzməyə çağırırlar. Orada pul, qəzet və müasir geyimlərin istifadəsi qadağandır. Bir gecəlik qiymətlər 1296 dollardan başlayır. Qonaqları adaya vertolyot və ya hidroplanla gətirirlər. Kurorta hər gün materikdən təzə ərzaqlar gətirilir.
  
   Günay Tahirli,
   Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzinin əməkdaşı