Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyası tərəfindən təşkil edilən “Beynəlxalq ictimai münasibətlərin maddi-mədəni əsasları” adlı beynəlxalq onlayn müzakirədə iştirak edib.
Onlayn konfransın tərəfdaşları Rusiyanın UNESCO üzrə Komissiyası, Avrasiya Yaradıcılıq Gildiyası (London), Beynəlxalq Muğam Mərkəzi (Azərbaycan), İtaliyanın Verona şəhərindəki Rus Mədəniyyət Mərkəzi və Lixtenşteyn Milli Muzeyidir. Konfransın məqsədi dünya ictimaiyyətinin diqqətini humanitar təhlükəsizliyə və beynəlxalq mədəni əməkdaşlığın yeni formalarına yönəltməkdir.
Avrasiya Xalqları Assambleyası baş katibinin birinci müavini Svetlana Smirnovanın moderatorluğu ilə keçirilən konfransda cəmiyyətlərin mədəni və humanitar təhlükəsizliyi, müasir dünyanın humanitar problemləri, qlobal təhdidlər qarşısında daim ortaya çıxan və dünya ictimaiyyətini narahat edən məsələlər, beynəlxalq gündəmdə mədəniyyətin formalaşmasının təsirləri, cəmiyyətlərin maddi-mənəvi, mədəni əlaqələrinin gələcək sivilizasiyalara təsiri məsələləri müzakirə edilib.
Qeyd edək ki, ötən il sentyabrın 30-da Azərbaycanda keçirilən “Avrasiya Xalqları Assambleyası günləri” çərçivəsində Avrasiya Xalqları Assambleyası və Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.
Beynəlxalq Muğam Mərkəzi xarici ölkələrin müvafiq qurumları ilə əlaqələrini genişləndirir. Mərkəz tərəfindən bu istiqamətdə beynəlxalq onlayn konfransların təşkili də nəzərdə tutulub.