Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun 100 illiyinə həsr olunmuş “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev konfransı giriş sözü ilə açaraq bildirib ki, ölkə başçısı Əliyev 28 fevral 2020-ci il tarixində Əziz Mirəhmədovun 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda görkəmli alimin elmi irsinə yüksək dəyər verilmiş, onun ədəbiyyat tariximizin sistemli tədqiqində olan xidmətləri xüsusi vurğulanıb.
Sonra konfrans işini BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramovun moderatorluğu ilə davam etdirib.
Plenar iclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Aygün Bağırlı “Əziz Mirəhmədov – görkəmli ədəbiyyatşünas və mətnşünas alim kimi”, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Əziz Mirəhmədov və Azərbaycanda kitab və kitabxana mədəniyyəti”, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məmmədəli Babaşlı “Azərbaycanda kitab və kitabxana mədəniyyətinin inkişafında məscid və mədrəsə kitabxanalarının rolu”, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Əziz Mirəhmədov və Azərbaycan biblioqrafiya mədəniyyəti”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Əziz Mirəhmədovun fəaliyyətində mətnşünaslğın və kitabşünaslığın elmi-nəzəri problemləri” mövzularında məruzə ilə çıxış ediblər.
Ədibə İsmayılova Milli Kitabxana tərəfindən hazırlanan “Ədəbiyyatşünas alim Əziz Mirəhmədov” (http://anl.az/el/vsb/Edebiyyatsunas_alim_Eziz_Mirehmedov/index.htm) adlı virtual sərgini də konfrans iştirakçılarına təqdim edib. Bildirib ki, virtual sərgidə ədəbiyyatşünasın həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi, redaktoru, tərtibçisi, ön söz müəllifi olduğu kitablar, haqqında yazılan məqalələr təqdim olunur.
Daha sonra konfrans işini bölmə iclasında davam etdirib, mətnşünaslıq, kitab və kitabxana mədəniyyəti sahələrini əhatə edən məruzələr dinlənilib.