Kino yaxın-uzaq keçmişin, müxtəlif zamanların mühitini, ab-havasını maraqlı faktlarla bizlərə çatdırdığı üçün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ədəbi əsərlərin uğurlu ekran həlli tamaşaçı üçün böyük əhəmiyyət kəsb edir, məzmunlu filmlər onilliklər sonra belə sevilərək baxılır...

Azərbaycan kinosunda uğurlu ekran taleyini yaşayan filmlərdən biri də istedadlı kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin (1939-2016) quruluş verdiyi “Qızıl uçurum” (1980) filmidir. Yazıçı İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində”  povesti ilk dəfə 1916-cı ildə (kinorejissor Boris Svetlov) ekranlaşdırılmışdı. İkinci film povestin motivləri əsasında Mirzəağa Atəşin  yazdığı ssenari üzrə çəkildi. Yaradıcı heyətin peşəkarlığı sayəsində ekran əsəri geniş tamaşaçı rəğbəti qazandı, respublikamızda və ümumittifaq məkanda uğurla nümayiş etdirildi. Kinorejissor Fikrət Əliyevə Vilnüsdə keçirilən  XIV Ümumittifaq kinofestivalda uğurlu debütə görə mükafat  verildi.

Quruluşçu operator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov deyir ki, məşhur əsərə ikinci dəfə müraciət edilməsi “Azərbaycanfilm” rəhbərliyinin onu kino texnikasının inkişaf mərhələsində yeni formatda (rəngli, geniş ekranda) tamaşaçılara çatdırmaq istəyi ilə bağlı idi: “Ümumiyyətlə, neft bumu fonunda olan insan xarakterləri, münasibətləri tamaşaçılar üçün həmişə maraq doğurub. Çəkilişlərin hazırlıq dövründə Fikrət müəllim məni quruluşçu operator kimi filmə dəvət etdi. Filmin yarısını (əsas hissələri) çəkmişdim ki, həmin illərdə kinostudiyanın rəhbəri olan Cəmil Əlibəyov belə qərar verdi ki, filmdə iki operator çalışsın. Məni yanına çağırıb bildirdi ki, “Kənan, Valeri Kərimov da, sən də cavansınız, bacarıqlısınız. İkiniz birlikdə filmin çəkilişlərinin tez yekunlaşması üçün Fikrətə daha çox kömək edə bilərsiniz. Buna görə də filmdə iki operator işləsin”. Beləliklə, növbəti çəkilişləri Valeri Kərimovla birgə apardıq. Mən kastinqlərdə də aktiv iştirak edir, müzakirələrdə fikrimi bildirirdim. Filmdə çox peşəkar aktyor heyəti cəmlənmişdi. Baş qəhrəmanlardan birini (Şəfiqəni) oynayan Həmidə Ömərova isə həmin illərdə heç bir filmə çəkilməmişdi. Mən fəxrlə qeyd edirəm ki, operator kimi Həmidə xanımı bədii kinoda ilk dəfə mən çəkmişəm. Aktrisa kinoda yeni olmasına baxmayaraq, roluna çox məsuliyyətlə yanaşırdı. Ağbəniz rolu üçün filmin ikinci rejissoru Tofiq Məmmədovla birlikdə Moskvaya getməli olduq. Orda 3-4 aktrisanı diqqətimizdə saxladıq, sonra Yelena Qabetsi filmə dəvət etdik. O da rolunun öhdəsindən bacarıqla gəldi”.

Kənan müəllim bildirir ki, hadisələr əsasən neft mədənlərində baş verdiyinə görə neft buruqlarını mütləq çəkməliydik: “Bunun üçün Abşeronun neft mədənləri olan əraziləri, qəsəbələri gəzir, filmin məzmununa uyğun olan yer axtarırdıq. Nəhayət, Binəqədi rayonunda belə bir əraziyə rast gəldik. Həmin ərazidə yolun kənarlarında neft gölləri, gölün birinin kənarında iki böyük neft çəlləyi də vardı. Üstünə ağ rənglə Fəttahov yazılmışdı. Biz çəkiliş zamanı ağ yazının üstünə bir az neft tökürdük ki, keçmiş dövrə aid olduğu bilinsin. Bir neçə ildən sonra mən həmin yoldan keçəndə neft çəlləklərini yenə orda gördüm. Ora yaxın məsafədə yaşlı bir kişi əyləşmişdi. Ona yaxınlaşıb çəlləklərin kimə məxsus olduğunu soruşdum. Qoca cavabında “Eh bala, bu neft çəlləkləri vaxtilə Bakı neft milyonçusu Fəttahova məxsus olub” dedi. Mən gülümsədim, amma  səbəbini bildirmədən ordan uzaqlaşdım.

Beləcə, Binəqədi ərazisindəki mənzərəni bəyəndim, filmin rəssamları Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanovla məkanı müzakirə etdik, mədən çəkilişlərini orda aparmağa qərar verdik.

Onu da qeyd edim ki, ərazidə yeni tikilmiş buruqlar vardı. Biz əraziyə məsul olan şəxslərə orada film çəkmək istədiyimizi bildirdikdə bunu iftixar hissi ilə qarşıladılar və yardımlarını əsirgəmədilər. Yaxın keçmişə uyğunlaşdırılmış 12 neft buruğunun tikilməsində də köməklik göstərdilər. Böyük bir ərazinin üç hissəsində taxtadan neft buruqları tikildi. Taxtalar təzə olduğundan dekoratorlarımız onların üzərinə mazut, neft tökürdü ki, köhnə, işlək vəziyyətdə görünsünlər. Çəkiliş vaxtı insanlar mövzuya uyğun olaraq mazutun, neftin içində olurdu. Çəkilişlər heç də asan başa gəlmirdi. Neft buruğunun fontan vurduğu səhnə üçün də 12 ədəd kompressor (rezin borular) gətirildi. Xüsusi qurğularla neft dolu göllərin içərisindən keçən kompressorlar vasitəsilə buruqdan neft fontan vurmağa başladı. Kompressorlar neftin təzyiqinə çox tab gətirə bilməyəcəyindən həmin kadrları yalnız 2-3 dəqiqəyə çəkə bilərdik, biz elə də etdik. Nəticədə isə filmin ideyasına müvafiq uğurlu kadrlar alındı.  

Cəlilin mədəndə yerləşən iş otağını da həmin ərazidə çəkdik. Natura dekorasiya adlanan kiçik bir otaq tikdik, üzərini isə bezlə örtdük ki, gün işığı otağa aktiv düşməsin. Beləliklə, Cəlilin pəncərəsindən mədən və buruqlar görünür, kadrlar dinamik, canlı alınırdı. Sonralar da filmə baxanda həmin kadrlar yaradıcılıq nöqteyi-nəzərindən mənə çox xoş təsir bağışlayırdı. Dekorasiyaları kinostudiyanın pavilyonunda çəkirdik. Fransaya aid kadrları Riqada lentə aldıq. Şəfiqənin evini yandırıb pəncərələrdən çıxan alova baxdığı kadrlar isə quraşdırılmış (operator Ramiz Babayev tərəfindən) səhnələrdir”.

Kənan Məmmədovun sözlərinə görə, filmin adı da təsadüf nəticəsində yaranıb: “Bir dəfə dostlarla birlikdə maşında gedirdik, çəkdiyimiz film haqqında danışırdıq. Birdən filmin direktoru Aydın İmrani təklif etdi ki, gəlin filmin adını qızıl uçurum qoyaq. Çünki hadisələrin məzmunu məhz bu fikri çatdırır. Biz Aydının fikrini kinostudiyanın direktoru Cəmil Əlibəyova bildirəndə o, qızıl uçurum adını çox bəyəndi və filmin ideyasını tam olaraq əks etdirdiyini dedi. Film “Qızıl uçurum” adı ilə ekranlara çıxdı, rəğbətlə qarşılandı”. 

Xalq artisti, istedadlı aktrisa Həmidə Ömərova da filmlə bağlı xatirələrində bir sıra maraqlı məqamlara toxundu: “Fikrət müəllim özü qəlbən aktyor idi. Aktyorluq sənətinin incəliklərini dərindən bilirdi, kollektivə böyük hörmətlə yanaşırdı. İlk tammetrajlı filmi olduğu üçün narahat idi. Aktyorlarla işləyəndə çox dərinə gedirdi, rolun xarakterini emosiya ilə başa salırdı, belə olduqda da əsəbi görünürdü. Bir dəfə Fikrət müəllim Şəfiqənin yandırdığı evinə necə baxmalı olduğu səhnəni mənə başa salırdı. Fikirlərini o qədər həyəcanla, narahatlıqla anladırdı ki, mən heç nə başa düşmürdüm, çaşqınla ona baxırdım. Nəticədə isə iri kadrda Şəfiqənin çaşqın, susqun, çarəsiz baxışlarla yanan evinə baxdığını görürük.

Mənim real vəziyyətim filmə sirayət etmişdi, kadr uğurlu alınmışdı”.

SSRİ Xalq artisti Vyaçeslav Tixonov kinonun uğurunu aktyor oyunu ilə əlaqələndirərək, “baş rola aktyor seçmək filmin taleyini həll etməkdir” deyib. Fikrət Əliyevin düzgün aktyor seçimi də filmin nailiyyətini gerçəkləşdirmişdi.

Sənət taleyinə uğur gətirən filmlə bağlı xatirələri Həmidə Ömərova həyatının yaddaqalımlı anları adlandırır: “1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdim. Altı ay olardı “Azərbaycanfilm”ə gedib-gəlirdim, amma heç bir filmə dəvət almırdım. Rəfiqələrim, kurs yoldaşlarım çəkilirdilər, mən isə hələ gözləyirdim. İş elə gətirdi ki, təsadüfən məni üç filmə (“Anlamaq istəyirəm”, “Qızıl uçurum”, “Vah!”) baş rola sınaq çəkilişinə dəvət etdilər, sınaq çəkilişlərim uğurlu oldu, paralel olaraq həmin filmlərdə çəkildim.

Fikrət Əliyevi mən ilk dəfə çəkiliş meydançasında gördüm. Dediyim kimi, bir qədər çılğın xarakterli idi, çox həyəcan keçirirdi. Narahat olmağı da əbəs deyildi. Çünki əsər məşhur idi, film də Azərbaycanın ilk bədii filmi kimi tarixə düşmüşdü. Tanınmış aktyorlarla birlikdə çalışdığım üçün özümü xoşbəxt hesab edirdim. Onu da deyim ki, eyni ildə çəkildiyim “Qızıl uçurum” və “Anlamaq istəyirəm” filmləri mənə çox uğur gətirdi. Filmi Litvada (Vilnüs) keçirilən festivala aparanda kinoteatrın üzərində Şəfiqənin (oynadığım baş rol) də şəkli olan böyük plakat asılmışdı. Bu mənə xoş təsir bağışlayırdı. Film yaradıcılığımın ilk uğuru, festival isə həyatımın ilk festivalı idi. Fikrət müəllimin isə sevincini təsəvvür etmək qeyri-mümkündür”.

Həmidə xanım filmin çəkilişi ilə bağlı bir xatirəsini də danışdı: “Filmdə Cəlilin kənddə ev tikdiyi kadrlara baxanda həyatımın maraqlı və kədərli anı yadıma düşür. Heç yadımdan çıxmaz, bir gün anamla evdə doğum günümü qeyd etməyə hazırlaşırdıq. Qonaqlar, rəfiqələrim gəlməli idilər. Birdən çəkiliş qrupundan Adil İsmayılov tələsərək gəldi ki, Həmidə çəkilişə getməliyik, bir saata bitirəcəyik, səni tez qaytarıb gətirəcəyəm. Çəkilişlər Qala kəndində aparılırdı. Getdim, amma elə oldu ki, çəkiliş alınmadı, kamera xarab oldu, mən kinostudiyaya giriş kartımı da elə orda itirdim, evə isə ancaq gecəyarısı gəlib çata bildim. Qayıtdığımda qonaqların getdiyini görüb çox kədərləndim. Oturub yenidən doğum günümü anamla birlikdə keçirməli oldum. Kinonun belə təxirəsalınmaz, çətin məqamları çoxdur. Ekranlara çıxmasından 40 il ötməsinə baxmayarq, “Qızıl uçrum”dan qalan uğur da, maraqlı xatirələr də bizi tamaşaçılara bir daha yaxınlaşdırır”.

Şəhla ƏMİRLİ
kinoşünas