Beynəlxalq qısa filmlər festivalının qalibləri elan olunub

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına yekun vurulub və müxtəlif nominasiyalar üzrə qaliblər bəlli olub. Budəfəki festival pandemiya səbəbindən onlayn formatda reallaşıb.

10-15 dekabr tarixində keçirilən festivalın beynəlxalq müsabiqə üzrə “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi Unkovskinin “Stiker”, “Ən yaxşı sənədli film” nominasiyasında portuqaliyalı İnes Luisin “Siz evdə qalmalıydınız, səfehlər” filminə verilib. “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl nar”ı Bosniya və Herseqovinanı təmsil edən Aleta Rajiçin “Təbii seçim” filmi qazanıb.

Beynəlxalq müsabiqə üzrə digər nominasiyaların qalibləri belə sıralanıb: “Ən yaxşı animasiya film rejissoru” – İva Tokmaçiyeva (Bolqarıstan, “Gəl, dünən görüşək” filmi), “Ən yaxşı sənədli film rejissoru” – Manuel Marini (İtaliya, “Səmalar”), “Ən yaxşı bədii film rejissoru” – Daniela Abad Lombana (Kolumbiya, “Çarpayı”). Münsiflər heyətinin xüsusi mükafatına “Uordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isə “Əbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.

Festivalın yerli müsabiqəsinin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Azər Allahverdiyevin “Üç yol”,  “Ən yaxşı sənədli film” üzrə Toğrul Musa və Nurlan Həsənlinin “Bir ata haqqında”, “Ən yaxşı animasiya filmi” üzrə Fidan Axundovanın “Quzğun” filmləri, “Ən yaxşı sosial çarx” üzrə Nicat Qədimlinin “Tezliklə”si layiq görülüb. 

Münsiflər heyətinin diplomları “Quyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli), “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filmlərinə verilib.

“Bakı küləyi” bədii filmi (Şirin Əhmədov) festivalın təşkilatçılarından olan “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngə” sənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMedia” şirkətinin mükafatı, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.

“Cinemobil” müsabiqəsinin qalibi isə Sənan Səfərovun “Bir zamanlar Dərnəgüldə” filmi seçilib.

Festivalın direktoru Fehruz Şamıyevin sözlərinə görə, onlayn film nümayişləri kinosevərlər tərəfindən maraqla qarşılanıb. Festivalın beynəlxalq, yerli və “Cinemobil”  müsabiqələri üzrə yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlanıb.

Beynəlxalq münsiflər heyətinin sədri – rejissor, prodüser Oleq Səfərəliyev ölkəmizdə festivalların xüsusilə də pandemiya zamanı keçirilməsinin önəminə toxunub: “Kino sənayesi inkişaf etməlidir. Sənətkarlar filmlər çəkməlidir, yeni gənc rejissorlar öz bacarıqlarını üzə çıxarmalı və öz işlərini ictimaiyyətə göstərməlidirlər”.

Münsiflər heyətinin üzvü rejissor Rüfət Əsədov müsabiqə filmlərini yüksək qiymətləndirib: “Fərqli mövzusu, yanaşması olan maraqlı filmlərlə qarşılaşdıq. Festival bu il 11-ci dəfədir keçirilir. Əgər 72 ölkədən 3086 film daxil olubsa, bu, artıq festivalın nüfuzudur. Sevinirəm ki, təşkilatçılar bu il festivalı reallaşdıra bildilər, ənənəni davam etdirdilər”.

Yerli müsabiqənin münsiflər heyətinin sədri – sənətşünas, ssenarist Nadir Bədəlov festivalın nəsillərin dialoquna şərait yaratdığını deyib: “Mənim dünyaya baxışım bir başqadır, festivalda iştirak edən filmlərin müəlliflərinin baxışı tamamilə fərqlidir, bu baxımdan olduqca maraqlı bir dialoq alındı. Səmimi deyirəm, bu festival məndə yeni nəslə ümid yaratdı”.

Münsiflərdən rejissor-prodüser Teymur Hacıyev isə bildirib ki, qalibləri müəyyənləşdirən zaman əsas meyar filmin ideyası və yanaşma tərzi olub: “Elə filmlər var idi ki, texniki və digər qüsurları olsa da, içində yaradıcılıq qığılcımı parlayırdı. Ona görə də biz qərara gəldik ki, peşəkar texnika, müəyyən istehsalat qiyməti olan filmləri deyil, əksinə, daha çox məntiq, duyum, yaradıcı fikir olan əsərləri seçək və onları təşviq edək”.

Qeyd edək ki, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Bundan əlavə, Dövlət Film Fondu, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Nizami Kino Mərkəzi, “02 Media”, Prodüserlər Gildiyası, “ÖZ FİLM” şirkəti festivala dəstək verir.

LALƏ