Xəbər verdiyimiz kimi, 14-18 dekabr tarixlərində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyası keçirilib. Bu il pandemiya səbəbindən  onlayn formatda (Yamaykanın “ev sahibliyi” ilə) gerçəkləşən sessiyanın üçüncü günü – dekabrın 16-da ölkəmizi daha iki irs nümunəsi – ənənəvi Nar bayramı və miniatür sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahı”ya daxil edilib.

“Miniatür sənəti” nominasiyası Azərbaycan, İran, Özbəkistan və Türkiyənin birgə təqdimatı ilə çoxmillətli nominasiya olaraq qəbul olunub.

Ermənistan tərəfi hələ sessiyadan öncəHökumətlərarası Komitəyə müraciət edərək “Miniatür sənəti” nominasiyasında Qarabağın qeyd olunmasının guya siyasi məqsəd daşıdığını iddia etmişdi. Ermənistanın UNESCO yanında daimi nümayəndəsi sessiyada da bu nominasiyaya qarşı çıxaraq komitəni siyasiləşdirməyə cəhd edib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin müşaviri Ayaz Qocayev erməni tərəfinə cavab verərək, miniatür sənətinin hələ XIII əsrdən Qarabağda mövcud olduğunu və Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qarabağlıların bütün çətinliklərə baxmayaraq, bu sənəti davam etdirdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan miniatür sənətinin tarixən formalaşmış məktəblərindən biri Qarabağ məktəbidir.

O, miniatür sənətinin Qarabağın ənənəvi sənəti olduğunu vurğulayaraq deyib: “Təəssüf olsun ki, komitə yenidən Ermənistanın Azərbaycanın, eləcə də çoxtərəfli namizədlik hazırlamaq üçün səylərini birləşdirən iştirakçı ölkələrin daxili işlərinə qarışdığı və komitəni siyasiləşdirməyə cəhd göstərməsi vəziyyəti ilə üzləşir. “Miniatür sənəti” nominasiyası faylında Qarabağın adının hallanmasına gəlincə, qeyd edək ki, Bakı, Qarabağ, Şamaxı və Gəncə miniatür məktəbləri Azərbaycanda miniatür sənətinin 4 pilləsini təşkil edirlər.

Qarabağda miniatür sənəti XIII əsrdə inkişaf edib və həmin vaxtdan da Qarabağda və Azərbaycanın digər rayonlarında ənənəvi bədii ifadənin, divar rəssamlığının və sənətkarlığın inkişafında böyük rol oynayıb. 1990-cı illərin əvvəllərində Ermənistanın Qarabağ və onun ətrafında 7 rayonu işğal etməsi Qarabağ miniatür sənətkarlığının mövcudluğuna ciddi təsir edib. Bununla belə, Qarabağdan kənarda fərdi sənətkarlar, eləcə də işğal nəticəsində doğma yurdlarından qovulmuş məcburi köçkünlər tərəfindən bu sənət yaşadılıb. Qarabağ miniatür məktəbinin sənətkarları, eləcə də digər miniatür incəsənət nümayəndələri keçmişi və bu günü əks etdirən miniatürlər yaratmaqda davam edirlər. Qarabağ miniatür sənət məktəbi Azərbaycanda icma irsinin bir hissəsi kimi yaşayır və heç kimin bu icmadan onlara məxsus olan – dinlər və etnik qruplardan kənara çıxan yaradıcılıq və mədəniyyətlərini götürmək hüququ yoxdur”.

Ayaz Qocayev qeyd edib ki, sənətkarlar tezliklə Qarabağa, eləcə də yenicə azad olunmuş Şuşaya qayıdacaqlar: “Ümid edirik ki, Ermənistanın hakim dairələri qonşu ölkələrə qarşı ərazi iddiası qaldırmaqdan və regionun xalqlarının parçalanmasına səbəb olan münaqişə törətməkdənsə, mədəniyyətlərarası dialoqun, sülhün və regionda icmalar və mədəniyyətlər arasında mehriban birgəyaşayışın dəstəklənməsi istiqamətində nə etmək lazım olduğu haqqında düşünəcəklər”.