Ötən həftə (22 oktyabr) M.F.Axundzadə adına Milli Kitabxanada “Oxucu günü” kecirildi.
Tədbirin məqsədini açıqlayan kitabxananın direktoru Kərim Tahirov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikada kitabxana işinin yenidən qurulması, avadanlıqların təzələnməsi, kitabxananın veb-saytının yaradılması və digər sahələrdə həyata keçirilən yeniliklərdən danışdı. Qeyd etdi ki, “Oxucu günü”nün məqsədi oxucuların rəyi əsasında kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi, xidmətdə çatışmazlıqların aşkara çıxarılıb aradan qaldırılması, bütövlükdə onun fəaliyyətinə ictimaiyyətin münasibətini öyrənməkdir: “Bundan sonra belə tədbirləri mütəmadi olaraq ən azı iki ayda bir dəfə keçirəcəyik. Məqsədimiz oxuculara xidmətin səviyyəsini yüksəltmək, onların təklif, irad və rəylərini öyrənməkdir. Bu məqsədlə kitabxananın birinci mərtəbəsinə xüsusi qutu qoyulacaq. Oxucular təklif və rəylərini yazıb ora qoya biləcəklər. Kitabxana əməkdaşlarının oxuculara göstərdiyi xidmətin nə dərəcədə yüksək olması həmin məktublar vasitəsilə bilinəcək. Çalışacağıq ki, mövcud problemləri günün tələbləri səviyyəsində həll edək”.
Tədbirdə oxucular çıxış edərək kitabxanada kataloqların yenilənməsi, səsli disklərin çoxaldılması, kitab fondunun zənginləşdirilməsi, xarici ölkələrlə əlaqələrin genişləndirilməsi, yeni jurnal və elmi topluların alınması və s. barədə təkliflər irəli sürdülər.
Təkliflərə münasibət bildirən direktor K.Tahirov bildirdi ki, gələn ildən xarici ölkələrdə çap olunan bir neçə dövrü nəşrlərin, o cümlədən Rusiyadan “Voprosı istorii”, “Nauka i jizn”, “Voprosı filosofii” və digər jurnalların alınması nəzərdə tutulub.
Tədbirdə kitabxananın ayrı-ayrı şöbələrinin əməkdaşları oxucuların suallarını cavablandırdılar .
Savalan Fərəcov