Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri başlanıb. Müzəffər Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də işğaldan azad olunmuş Şuşa şəhərində də bununla bağlı qiymətləndirmə və inventarlaşdırma işləri həyata keçirilir.

Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Xəbər verdiyimiz kimi, “Azərsu” ASC tərəfindən şəhərin su təchizatı həllini tapıb, “Azərnerji” və “Azərşıq” tərəfindən Şuşaya yeni elektrik xəttinin çəkilişinə başlanılıb.

Bu arada şəhərdə həyat şəraitinin təmin olunması istiqamətində daha bir addım atılıb. Şuşada çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, istehsal sahəsi və mağazadan ibarət müəssisə Şuşanı işğaldan azad olunmasından sonra fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.

İstehsal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün istehsal sahəsinə müvafiq dəstək göstərilib.

Şuşa məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir.

Hazırda müəssisədə 6 nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaq. Burada istehsal olunan çörək və şirniyyat məhsulları şəhərdəki hərbçilərimizə pulsuz olaraq verilir.