Azərbaycan mədəniyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Osman oğlu Səfərov dekabrın 20-də 71 yaşında vəfat edib.

Atabala Səfərov 1949-cu il sentyabrın 1-də Şabran rayonunda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sənət fəaliyyətinə başlayıb. 1990-cı ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb, 1998-ci ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb. Daha sonra yaradıcılığını Gənc Tamaşaçılar Teatrında davam etdirib.

Çalışdığı teatrların səhnələrində Hacı Qara (“Sərgüzəşti-mərdi-xəsis”, M.F.Axundzadə), Teymurləng (“Molla Nəsrəddin və Əmir Teymurun filləri”, Ə.Ol), Hacı Qəmbər (“Yağış, yağmur və daldan atılan daş”, N.Vəzirov), Bəy (“Qaraca qız”, S.S.Axundov, A.Şaiq), Şərbətəli (“Təzə gəlin”, S.Dağlı, C.Cahangirov), Həsənqulu bəy (“O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Şulu (“Əlli  yaşında cavan”, Z.Hacıbəyov) və başqa obrazlara səhnə həyatı qazandıran aktyor, həmçinin televiziya tamaşalarında oynadığı maraqlı rollarla tamaşaçı rəğbəti qazanıb.

9 may 2012-ci il tarixdə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Atabala Səfərovun xatirəsi tamaşaçıların, həmkarlarının qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.