Bu məbləğ Türkiyənin bir ildə turizmdən əldə etdiyi gəlirdir
   
   Dünyanın turizm sahəsindən yüksək miqdarda gəlir götürən 10 ölkəsindən biri də Türkiyə Respublikasıdır. Bu ölkə dövlət büdcəsinin 4 faizini turizm sahəsindən əldə etdiyi gəlir hesabına formalaşdırır. Təkcə 2008-ci ildə Türkiyə turizmdən 22 milyard dollar gəlir götürüb. Həmin il ölkəyə gələn turistlərin sayında 13 faiz artım müşahidə olunub ki, bu da ötən illə müqayisədə 6 dəfə çox deməkdir.
   
   Türkiyədə dövlət və özəl sektor bu sahədə müştərək işləyir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Turizm sektorunun 2023-cü ilə kimi inkişaf konsepsiyasını qəbul edib. 16 bölmədən ibarət konsepsiya Türkiyədə turizm biznesinin indiki vəziyyəti və perspektivlərini əks etdirir. Konsepsiyanın əsas məqsədi ölkənin turizm-kurortlarının rentabelliyini artırmaq, onları dünyada daha da geniş arealda tanıtmaq və bununla da turist cəlbini artırmaqla bu biznesin daha yüksək inkişafına nail olmaqdır. Məqsədə çatılması müddəti olaraq 2023-cü ilin seçilməsi isə təsadüfi deyil - həmin il Türkiyədə respublikanın yaradılmasının 100 illiyi qeyd olunacaq.
   
   Türkiyədə bütün tip kurortlar var
   
   Türkiyə turizm biznesi Avropa, ABŞ və digər ölkələrdən olan varlı müştərilərinə lüks şəraitli və ən yüksək keyfiyyətli, amma bahalı istirahəti tam təmin edir. Eyni zamanda son illərdə bu ölkədə Rusiya, Ukrayna və digər MDB məkanından olan nisbətən kasıb müştərilərə hesablanmış ucuz və güzəştli turizm obyektləri də geniş intişar tapıb. Bu obyektlərdə yalnız istirahət deyil, müştərilər baha olmayan bazarlıq imkanı da əldə edə bilirlər. Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün də xüsusi xidmətlər təklif edilir.
   Onu da bildirək ki, Türkiyədə bütün tip kurortlar, istirahət mərkəzləri var. Çimərlikləri qumlu və təmizdir, sahillərində meduza və ya köpək balığı yoxdur. Eyni zamanda dəniz sahilinə yaxın ərazilərdə sənaye müəssisələrinə rast gəlinmir. Ölkənin ən populyar kurortları Aralıq dənizi sahillərindədir. Antalya burada əsas yeri tutur. Antalya Türkiyənin cənubunda yerləşən ən iri kurortlardan biridir. Burada 2, 3, 4 və 5 ulduzlu olmaqla, 120-yə yaxın hotel fəaliyyət göstərir. Antalya daha çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur. Apreldə Antalyaya gələn turistlər səhər xizəklərlə qarda sürüşmək, axşam isə Aralıq dənizinin sularında çimmək kimi unikal imkanı əldə edə bilirlər.
   Kəmər dağlarla dəniz arasında yerləşir. Dağlar küləkdən qoruyur, dəniz isə iqlimi yumşaldır. Bu, Kəməri istirahət üçün əvəzedilməz guşəyə çevirir. Kəmərdə 350-dək hotel fəaliyyət göstərir.
   Bələk isə evkalipt, küknar və şam meşələri, zəngin flora və faunası ilə turisləri özünə cəlb edir. Bura ölkənin qolf mərkəzi və Aralıq dənizi sahillərində ən bahalı kurortudur. Burada 100-dən yuxarı hotel var.
   Egey dənizi sahillərinin kurortları arasında Marmaris öndə gedir. Onu daha çox Avropa kurortu kimi tanıyırlar. Boğazdakı üç adanı əhatə edən Marmaris sakit buxtaları və rəngarəng təbiəti ilə tanınır. Burada 202 hotel var.
   
   Bodrum Türkiyənin gecə həyatının simvoludur
   
   Egey sahillərində olan Fəthiyə iridənəli qumlu çimərlikləri ilə daha çox tanınır. Egeyin ən çox adam cəlb edən kurortu isə Bodrumdur. Bura ölkənin gecə həyatının simvoludur. Serfinq, dayvinq və digər su idman növləri ilə məşğul olanlar üçün Bodrum ən əlverişli istirahət yeridir. Burada 200-dən yuxarı hotel tərəfindən salınan çimərliklər süni beton platformaların üzərinə tökülmüş qumluqlardan ibarətdir. Əsasən təmiz və yaşıl təbiəti ilə tanınan Quşadasında isə süni qumluqların yaradılmasına ehtiyac yoxdur - özü narın qumluqları ilə diqqəti cəlb edir. Burada 18-i 5 ulduz olmaqla, 78 hotel yüksək xidmət keyfiyyəti ilə müştərilərin ixtiyarındadır. Pamukkala isə müalicəvi əhəmiyyətli kurortlardan biridir.
   Türkiyəni turizm baxımından əlverişli edən ilk növbədə onun iqlimidir. Subtropik Aralıq dənizi iqlimi yayda 23-33 dərəcə, qışda isə 13-15 dərəcə istini təmin edir. Bu baxımdan Türkiyədə yaz və payızda turizm baxımından daha əlverişli dövr sayılır - aprel-oktyabr ayları. Ölkə dörd dənizlə əhatə olunub - Qara, Mərmərə, Aralıq və Egey dənizləri. Elə ölkənin ən tanınmış istirahət mərkəzləri də məhz bu dənizlərin sahillərində yerləşir.
   Yaz-payız dövrünə hesablanmış çimərlik kurortlarıyla yanaşı, Türkiyə son vaxtlar dağ turizmini də geniş inkişaf etdirir. Uludağ və Palandekon bu baxımdan daha çox tanınıb. Dağ-xizək turizm mövsümü dekabr-mart aylarında 120-150 günü əhatə edir. Mövsümün ortalarında qar örtüyünün qalınlığı 3 metrə qədər çatır. Uludağda uşaqların da sürüşməsinə imkan verən Uludağ istirahət mərkəzləri ailəvi istirahət etmək istəyənlər üçün əlverişli imkan yaradırlar.
   
   Hotellərdə bir çox xidmətlər pulsuzdur
   
   Türkiyə rəngarəng hotel bazasına malikdir. Burada ucuz 3 ulduzlu hotellərdən tutmuş, akvaparkları, boulinqləri olan 5 ulduzlu hotellərə qədər bütün səviyyəli hotellər var. Türkiyə hotellərinin böyük əksəriyyəti “hər şey daxildir” sistemi ilə işləyir. Hotellərin infrastrukturu yüksək inkişaf edib. Belə ki, bütün əyləncələr hotel ərazisindədir. Buna görə də çox xidmətlər pulsuz təklif olunur. Hotellərin ulduz sayı bir sıra faktorlara əsasən müəyyənləşdirilir. Bura hotelin sahilə yaxın və ya uzaqda yerləşməsi, xidmət və əyləncə növlərində özünəməxsusluq səviyyəsi və sair aiddir. Amma onların hamısında müəyyən baza səviyyəsi var: bütün hotellər normal yaşayış üçün zəruri olan standartlara və sanitar-gigiyenik tələblərə cavab verir.
   Qeyd edək ki, Türkiyədə hotel və istirahət mərkəzlərində xidmətin səviyyəsinə böyük önəm verilir. Hələ 50 il əvvəl turizm üzrə ixtisaslı kadrların və səviyyəli mütəxəssislərin yetişməsi üçün burada təhsil müəssisələri fəaliyyətə başlayıb.
   Türkiyədə hotelçiliyin tarixi çox qədimdir. Burada ilk hotel «Pera Palas» 1892-ci ildə açılıb. Bundan sonra «Tokatlıyan» və «Bristol» hotelləri fəaliyyətə başlayıb.
   Ankaranın ilk modern hoteli - «Ankara Palas» 1928-ci ildə açılıb.
   Bu ölkə hotelçilikdən gəlir götürməyə 1950-ci illərdən başlayıb. Daxili və xarici turizmin sürətli inkişafı bu gəlirlərin ildən-ilə artmasına səbəb olur. 1954-cü ildə İstanbulda beynəlxalq hotellər şəbəkəsinin bir halqası olan «Hilton» fəaliyyətə başlayır. Daha sonra «İstanbul Sheraton», «Etap Marmara» və «Ankara Hilton» kimi məşhur hotellər tikilib istifadəyə verilir.
   1970-ci illərdən başlayaraq Türkiyənin beynəlxalq əlaqələri güclənir və bu səbəbdən də ölkədə beynəlxalq səviyyəli tədbirlərin sayı artmağa başlayır. Bu isə öz növbəsində qardaş ölkədə biznes turizminin sürətli inkişafına səbəb olur. Turizmin bu növünün yüksək inkişafı hotellərin və istirahət mərkəzlərinin sayının artması deməkdir.
   Beləliklə, Türkiyədə turizmin bütün sahələri bir-biri ilə sıx əlaqəlidir və onların birinin ayrılıqda inkişafı mümkün deyil.

  Fəxriyyə ABDULLAYEVA