Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri həyata keçirilir.

Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib ki, mütəxəssislər tərəfindən ilk növbədə Şuşa şəhərində infrastrukturun, tikililərin mövcud vəziyyəti – mənzil fondu, binaların dayanıqlığı araşdırılır. Həmçinin şəhərdə olan tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onların durumunun təyin edilməsi istiqamətində araşdırmalar aparılır. Araşdırmalar nəticəsində şəhərdə 186 tarix və mədəniyyət abidəsinin yerləri təsbit olunub.

İ.İsbatov qeyd edib ki, əldə edilən bütün məlumatlar vahid informasiya bazasında toplanır. Qiymətləndirmə və inventarlaşdırma işləri başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək.