Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Qələbə münasibətilə qrafika və akvarel ustaları arasında “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsi elan olunub.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqənin məqsədi akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, rəssamların yaradıcılığında ölkəmizin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadəti, azərbaycançılıq məfkurəsi və milli birliyimizi təsviri sənətdə əks etdirməkdir.

Müsabiqədə Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalıdır. Hər iştirakçı ən çox 3 əsərini müsabiqəyə təqdim edə bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.

Müsabiqə 2021-ci ilin 5 mart tarixinədək davam edəcək. Əsərləri Xətai Sənət Mərkəzinin “Facebook” qrupunda (müəllif və əsər haqqında müvafiq  məlumatları qeyd etməklə) onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.

Qalib elan ediləcək müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.